"Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Dövlət başçılarımızın strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri güclü inkişaf tempini qoruyub saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq davamlı şəkildə irəliləyir və xalqlarımıza real faydalar gətirir".
Oxu.Az xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
O bildirib ki, hərbi əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir:
"Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə mübadilə və əməkdaşlığı daha da dərinləşdirməyə və ikitərəfli əməkdaşlığa yeni töhfələr verməyə hazırdır".
"Çin dövlət başçılarımız arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, "Bir Kəmər, Bir Yol" Təşəbbüsü və süni intellekt sahəsində potensialın gücləndirilməsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regionda və dünyada sülhün və inkişafın birgə təşviq edilməsi üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır", - diplomat əlavə edib.