Layçakdan xahiş etdim ki, Yerevanda səfərdə olduğu vaxt Ermənistanın yeni rəhbərliyindən bu münaqişənin onlara, sıravi ermənilərə nə verdiyini soruşsun. Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı?
Oxu.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Slovakiyanın xarici işlər naziri ilə ATƏT arasında əməkdaşlıq müzakirə edilib:
“Dağlıq Qarabağla bağlı mən Azərbaycanın mövqeyi barədə Miroslav Layçaka məlumat verdim. Gələn həftə Layçak Ermənistanda olacaq və bəzi məsələləri müzakirə edəcəklər. Mən deyə bilərəm ki, hər kəs Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Mən Layçakdan xahiş etdim ki, Yerevanda səfərdə olduğu vaxt Ermənistanın yeni rəhbərliyindən bu münaqişənin onlara, sıravi ermənilərə nə verdiyini soruşsun.
Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı? Onlar heç nə əldə etməyib. Onlar bir pozitiv arqument desələr, bu məsələdə nəyəsə nail olmaq olar. Bu münaqişə erməni xalqına əziyyətdən başqa heç nə vermir. Əksinə, onlar daha ağır demoqrafik vəziyyət, ağır iqtisadi vəziyyətlə üzləşiblər”.
Nazir qeyd edib ki, son zamanlar o, erməni həmkarı ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair dörd dəfə, Azərbaycan və Ermənistan liderləri isə üç dəfə görüşüblər:
“Biz münaqişənin nizamlanması prosesində irəliləyiş olmasını istəyirik”.
Elmar Məmmədyarov qeyd edib ki, bu yaxınlarda nüfuzlu “Berlin Economics” nəşri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hesabat hazırlayıb:
“Hesabata əsasən, münaqişənin həllindən həm Ermənistan, həm də Azərbaycan iqtisadiyyatında əhəmiyyətli artım qeydə alınacaq”.
İlhamə Əbülfət