Bu gün Heydər Əliyev Mərkəzində Prezident Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “15 iyun - Milli Qurtuluş günü”nə həsr edilmiş tədbir keçirilib.
Fonddan Oxu.Az-a verilən məlumata görə, tədbirdə müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, müdrik siyasəti barədə danışılıb, tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev məhz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəldiyini bildirib. O qeyd edib ki, 90-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yaranıb.
Gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Heydər Əliyev tərəfindən gənclərə diqqət və qayğı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O vurğulayıb ki, gənclərin potensialının reallaşdırılması, istedadlı gənclərin təşviqi, gənc nəslin milli ruhda yetişməsi üçün lazımi şəraitin yaradılması bizim qarşımıza qoyulmuş başlıca vəzifələrdəndir.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov 1990-cı illərdə Azərbaycanda xaosun hökm sürdüyünü xatırladıb: “Azərbaycan parçalanmaq, yox olmaq ərəfəsində idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bu təhlükələrdən xilas oldu.
Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə qədər gənclərlə 43 dəfə görüşüb, 20-yə qədər sərəncam, fərman imzalanıb. Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç bir ölkədə Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yoxdur. Bu, gənclər siyasətinə diqqətin təzahürüdür”.
Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Məhz ulu öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır.
“Bu gün Azərbaycanda idman sahəsində görülən işlər heç bir ölkədə həyata keçirilmir. Bu, Azərbaycanın inkişafı və uğurları ilə bağlıdır”.
Tədbir Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və “Asan Könüllüləri” Gənclər Təşkilatını sədri Bəxtiyar İslamovun çıxışları ilə davam edib.
A.S.
www.oxu.az