Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb.
Bu barədə o, İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoqun ikinci iclasında bəyan edib.
"Sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real bir imkan, tarixi məqam var və onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça bilər", - deyə nazir bildirib.
Mirzoyan vurğulayıb ki, Ermənistan həm də suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmət əsasında regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır.
Tədbirdə iştirak edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen həmçinin bildirib ki, Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülh əldə edilməsi səylərini dəstəkləyir.
"Biz həmçinin Mərkəzi Asiyadan Aralıq dənizinə qədər regionda davamlı sülhün bərqərar olması, iqtisadi imkanların genişləndirilməsi səylərini dəstəkləyirik. Ermənistanla Azərbaycan arasında davamlı sülh yaranarsa, bu imkanlar daha da genişlənəcək. Bu baxımdan biz səyləri dəstəkləməkdən məmnunuq ", - deyə dövlət katibinin müavini bildirib.
Mənbə: "Sputnik" Ermənistan