Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb - YENİLƏNİB+FOTO/VİDEO
Bu gün Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi tərəfindən sənədi Azərbaycan Respublikası Milli Məclisinin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaq tərəfdən isə qurumun baş katibi Martin Çunqonq imzalayıb.
İmzalanma mərasimindən sonra bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının genişlənməsində, həmçinin Qoşulmama Hərəkatına üzv olan ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq isə bu istiqamətdə fəaliyyətin şaxələndirilməsinə xidmət edəcəkdir.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
İmzalanmış memorandum bu iki qurum arasında əlaqələrin genişlənməsinə, parlament diplomatiyası çərçivəsində ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı əməkdaşlığın inkişafına imkan yaradır.
19:56
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Görüş konstruktiv mühitdə baş tutub.
18:27
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.
17:00
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətini BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak edəcək.
Tədbirlərdə Milli Məclisin sədrinin çıxışları, bir sıra ölkələrin parlament sədrləri və nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Sevil Mikayılova, Kamran Bayramov, Əminə Ağazadə, Şahin İsmayılov, Səbinə Xasayeva, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.