"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə hər hansı sualı yoxdur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə çıxışı zamanı deyib.
"Bəli, sülh bərqərar olub, lakin bu o demək deyil ki, bizim hər hansı suallarımız və həll olunmamış problemimiz yoxdur. Amma sülhü qorumaq lazımdır", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Bəyannamə Bakı və İrəvanın sülhə can atmasını vurğulayan yeddi maddəni özündə ehtiva edir. Bəyannamədə bildirilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər. Bundan başqa, İrəvan və Bakı Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.