Rusiyanın xarici işlər naziri Qarabağ münaqişəsində status-kvonun (indiki vəziyyətin – red.) saxlanılmasına qarşı çıxış edib. Sergey Lavrovun bu bəyanatı erməni KİV-də həyəcan və təəssüf hissləri doğurub.
AZE.az xəbər verir ki, rusiyalı siyasi icmalçı Dmitri Kiselevin Azerros informasiya-analitik portalın saytında yerləşdirilmiş məqaləsində deyilir ki, “bu günlərdə Qarabağ münaqişəsində səsi dərhal yox, iki gündən sonra çıxan sensasiya baş verib”.
“Beləliklə, mayın 21-də Moskvada Azərbaycanın xarici işlər naziri ilə görüşün yekunları üzrə Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan etdi:
“Bu məsələdə status-kvo şübhəsiz qəbul olunmazdır. Hər kəs üçün. İlk növbədə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yaşayanlar üçün – mən buna əminəm”.
Və budur, Lavrovun dediklərinin ən vacib hissəsi: “Status-kvo təkcə Azərbaycan ərazilərinin qaytarılması ahqqında məsələnin həll olunmaması deyil, həm də Ermənistanın iqtisadi blokadası deməkdir. Buna görə də, burada heç kimi belə statusun yolverilməzliyinə inandırmaq lazım deyil” – deyə, Kiselyov yazır.
“Rusiyalı nazirin bəyanatı İrəvanda böyük həyəcana səbəb olub. Artıq mayın 23-də erməni KİV bu mövzuda şərhlərlə dolu yazılar dərc etdirdi. Bu yazılarda rusiyalı nazirin dedikləri belə izah olunurdu:
“Sergey Lavrov Ermənistanın blokadasını doğru olmasa da, ən azından qanuni hesab edir. Və ya daha bir başlıq: “Lavrov dolayısı ilə Azərbaycanın ərazilərinin işğalını pislədi”.
Ermənistanın “İrs” partiyasının idarə heyətinin katibi Stepan Səfəryan da məsələ ilə bağlı narazılığını bildirir.
“Və bu sözləri Ermənistanın strateji tərəfdaşı və Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı üzrə müttəfiqi olan ölkənin nümayəndəsi deyir” – deyə, Səfəryan yazır.
Erməni siyasətçinin fikrincə, görüşdə toxunulmuş hər iki məsələ - Dağlıq Qarabağ məsələsi və Ermənistanın blokadası məsələsi Ermənistanın milli təhlükəsizlik mövzusuna aiddir. Və Səfəryanın fikrincə, “ağrılı yerə” bu cür “iki zərbə” düşünməyə əsas verir” – məqalə müəllifi qeyd edir.
“Amma Bakıda Rusiya XİN rəhbərinin bəyanatını müsbət qiymətləndiriblər. Azərbaycanlı ekspertlərin rəyinə görə, Sergey Lavrovun sözləri Ermənistanın heç bir ilkin şərt olmadan Azərbaycanın işğal olunmuş rayonlarını azad etməli olduğundan xəbər verir.
Rusiya XİN rəhbərinin bəyanatını Bakıdan azərbaycanlı politoloq Oqtay Sadıqzadə şərh edib:
“Mən Lavrovun bu bəyanatını diplomatik jest kimi qiymətləndirirəm. Məndə belə fikir yaranıb ki, Moskva Qarabağdakı hazırkı vəziyyətin dəyişməsinə meyllidir. Lakin hələlik Qarabağ problemi üzrə danışıqlarda irəliləyişdən danışmaq tezdir.
Danışıqlarda real irəliləyiş üçün Rusiya Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması üçün İrəvana təzyiq göstərməlidir” – məqalədə vurğulanır.
www.aze.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin