Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Polşalı politoloq: "Ermənistan, sadəcə olaraq, dünyada öz yerini qəbul etməyib"
Ermənistanda Azərbaycanın sülh yolunda məntiqli təkliflərini və bəyanatlarını süngü ilə qarşılamaqda davam edirlər. Bir müddət əvvəl rəsmi Bakı təklif etmişdi ki, İrəvan faktiki olaraq işləməyən, lakin hüquqi statusunu qoruyan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətdə yer alsın.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə münasibət bildirərkən bəyan etmişdi ki, əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların Azərbaycana qarşı ərazi iddiaları davam edir.
İrəvanda Bakının bu təklifi ilə razılaşmadılar, lakin eyni zamanda söylənildi ki, yalnız Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlanandan sonra ATƏT-in Minsk qrupunun buraxılması mümkündür.
Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətini faktiki olaraq dayandırdığını artıq etiraf edib. Amma mətbuat və bir sıra siyasi icmalçılar Azərbaycanın Ermənistan tərəfinə təzyiq göstərməsi barədə danışmağa başladılar. Hətta Ermənistanda etiraz hərəkatına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan da sözügedən məsələyə reaksiya verdi. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu danışıqlar üçün ən yaxşı platformadır.
Bakı isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasına dair xatırlatma edərək bu iddiaların Ermənistan qanunvericiliyindən çıxarılmasını tələb edir. Ermənistan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, respublikanın konstitusiyası və ona edilə biləcək düzəlişlər Ermənistanın daxili işidir.
İyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan da analoji bəyanatla çıxış edib. Onun sözlərinə görə, Ermənistan Respublikasında konstitusiya dəyişiklikləri müstəsna olaraq ölkənin daxili məsələdir.
Polşalı jurnalist və politoloq Yakub Koreyba Oxu.Az-la söhbətində qeyd edib ki, Ermənistanın bu cür reaksiyası həyasızlıq, yaxud səhv deyil:
- Bu, ardıcıl, şüurlu şəkildə seçilmiş obstruksiya (hansısa prosesin qəsdən pozulması - red.) strategiyasıdır. Amma əvvəllər də dəfələrlə üz tutulan bu cür qeyri-məhsuldar strategiya ölkənin və dövlətin fəlakətinə gətirib çıxara bilər.
Böyük ölçüdə Ermənistan qarşısına münaqişəni sona çatdırmaq yox, onu davam etdirmək, bu münaqişə ilə yaşamaq vəzifəsi qoyur.
Təşkilat nəzəriyyəsində xaosun idarə edilməsi kimi bir məsələ var. Bu, bir şəxsə prosesə yalnız sistemin digər elementləri arasında konflikt yaratmaqla təsir göstərmək imkanı yaradan mexanizmdir. Bu ona bir subyekt olaraq qalmağa imkan yaradır. Ermənistan özü üçün bu strategiyanı seçib və bu cür davranışla bağlı bütün potensial risklərə baxmayaraq, ona riayət edir. Ermənistan rəhbərliyi hesab edir ki, bu, bütün mümkün davranış modelləri arasında ən rasional yoldur.
Mən deyərdim ki, bunun dərin psixoloji səbəbləri var, burada geosiyasi və ya iqtisadi səbəblərdən söhbət getmir. Ermənistan, sadəcə olaraq, dünyada ona ayrılan yeri qəbul etmir. Ermənilər siyasi əhəmiyyət kəsb etməyən kiçik bir ölkəyə sahib olduqları ilə barışmaq istəmirlər. Onlar başqa fikirlərlə yaşadıqları üçün bu reallığı rədd edirlər.
- Bəs siz Ermənistan konstitusiyasının müddəalarında Azərbaycana qarşı ərazi iddialarının olması barədə Bakının bəyanatlarına Ermənistan hakimiyyətinin reaksiyası barədə nə düşünürsünüz? Ermənistanın XİN və baş nazir Nikol Paşinyan bildiriblər ki, bu, Ermənistanın daxili işidir. Təsəvvür etmək olarmı ki, Polşa konstitusiyasında, məsələn, Ukraynanın bir hissəsinə dair ərazi iddiaları var və Varşavada bunu onların öz daxili işi olduğunu deyirlər?
- Yaxşı münasibətlər quran iki qonşu təsəvvür edin. Ancaq bir qonşu başqasının mənzilindəki otağın ona məxsus olduğuna əmindir və buna uyğun olaraq davranır. Ermənistan 30 il ərzində özünü məhz belə aparıb. Ancaq bu, bəzi nəticələrə səbəb oldu. Başqa bir qonşu, çox güman ki, idman zalına getməyə başlayacaq, ardınca otağına iddialı olan adama xoşagəlməz bir şey edəcək və bununla da onu yalançı iddialarından əl çəkməyə məcbur edəcək. Bu, həyatda da, siyasətdə də məhz belə olur. Ermənistanın yanaşması, əslində, beynəlxalq münasibətlərin bütün hüquqi və tarixi ənənələrini mötərizədən kənarda qoyur, bu, ən azı Qərb, Avropa və hətta Roma hüququna da aiddir. Dövlətin ərazisi hüququ mülkiyyət hüququnun inikasıdır. Amma Ermənistan hakimiyyəti hesab edir ki, o, qanunlara tabe olmamalıdır. Bəlkə də, ermənilər hesab edirlər ki, onlar "seçilmiş xalq"ın nümayəndələridir. Bəli, onlar bütün dünya nizamını, adət-ənənələrini, qanunlarını şübhə altına alıb, onlara aidiyyəti olmadığını söyləyə bilərlər. Amma bu, erməni tərəfi üçün fəlakətlə bitəcək. Ermənistanda intihar instinktinin haradan qaynaqlandığı barədə mühakimə yürütməyi öhdəmə götürmürəm. Amma intiharameyilli insanlar var. Görünür, bir növ kollektiv psixoloji pozğunluğu olan xalqlar var.
Nair Əliyev
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"
- Narışkin: "Azərbaycan və Ermənistan bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər"
- Nazir müavini: "Ermənistanın fərqli mövqelərdən çıxış etməsi sülhə mane olan səbəblərdən biridir"