Bu gün çıxışlarda Cocuq Mərcanlıdan danışıldı. Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib. Cocuq Mərcanlının abadlaşdırılması, yenidən qurulması hərbi qələbə nəticəsində mümkün olmuşdur.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşdə deyib:
“Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər. Bu işğalın səbəbləri haqqında Azərbaycan ictimaiyyəti yaxşı bilir. Onun başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan xəyanətkar, satqın, səriştəsiz, biliksiz adamlardır. Onlar öz aralarında mübarizə, müharibə apararaq imkan verdilər ki, düşmən torpaqlarımızı zəbt etsin.
Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır.
Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır”.