Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qarabağ Xronikası: Azərbaycanın dünyaya nümayiş etdirdiyi effektiv hərbi strategiya
"Qarabağ xronikası" verilişinin 147-ci buraxılışı yayımlanıb.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda düz bir il əvvəl - 19 sentyabr 2023-cü il tarixdə Azərbaycanın həyata keçirdiyi, regionun geosiyasi dinamikasında yeni mərhələnin başlanğıcını qoyan antiterror tədbirlərindən bəhs edib.
O bildirib ki, rəsmi Bakının bu addımı Cənubi Qafqazda qüvvələr balansının dəyişdirilməsində həlledici olub:
"Ən əsası isə Azərbaycan tək ölkənin ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya effektiv hərbi strategiya nümayiş etdirdi - Qarabağda qeyri-qanuni silahlı dəstələrə qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə. Bu amil isə öz növbəsində revanşizm xülyasında olan zümrəyə və onu xaricdən dəstəkləyən qüvvələrə hərbi-siyasi iradənin nümayişi oldu".
Qeyd edilib ki, bu əməliyyat xüsusi diqqətə layiqdir. Çünki böyük təhdidlərə qarşı lokal xarakterli, sürətli və effektiv cavab modeli olub:
"Antiterror əməliyyatlarında ordumuz qeyri-qanuni silahlı dəstələrin əsas təchizat və hərəkət yollarını bağladı və mühüm hərbi obyektlərə zərbələr endirdi. Buna paralel olaraq, rabitə qovşaqları və digər mümkün əlaqə sistemləri də sıradan çıxarıldı. Bu strategiya qeyri-qanuni silahlı dəstələrin koordinasiyalı şəkildə hərəkət etməsinin və əməliyyatın daha böyük əraziyə yayılmasının qarşısını aldı. Bu da öz növbəsində mülki əhali arasında itkiləri minimuma endirmək məqsədi daşıyırdı".
Jurnalist həmçinin bildirib ki, əməliyyatdan bir il sonra Qarabağ dinc və sabit regiona çevrilib:
"İnfrastrukturun bərpası, yolların, yaşayış binalarının, sosial obyektlərin tikintisi ilə bağlı genişmiqyaslı proqramlara start verilib. Azərbaycan göstərdi ki, o, təkcə ərazi reinteqrasiyasına deyil, həm də regionun iqtisadi inkişafına çalışır. Dolayısı ilə Qarabağ investisiyalar və yeni nəqliyyat marşrutlarının yaradılması planları sayəsində təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafında əsas halqaya çevrilə bilər.
Xülasə, Qarabağda aparılan antiterror əməliyyatı daxili münaqişələrlə üzləşən digər ölkələr və regionlar üçün nümunə oldu. Azərbaycan göstərdi ki, beynəlxalq hüquqa riayət, siyasi qətiyyət və müasir hərbi texnologiyanın vəhdəti suverenliyin bərpası üçün effektiv həll yolu ola bilər".
Ətraflı Baku TV-nin süjetində: