Bəzi günlər ölkələrin siyasi tarixində yeni mərhələnin başlanğıcına çevrilir. 8 avqust 2025-ci il Azərbaycan üçün məhz belə tarixlərdən biridir.
Həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş yalnız Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm hadisə olmadı. Vaşinqtonda, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinin siyasi konturları müəyyənləşdi, Azərbaycanla Ermənistan arasında sülh prosesinin əsas sənədi paraflandı, 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə qərar verildi və regional kommunikasiyaların gələcəyi ilə bağlı yeni perspektiv yarandı.
Amma bütün bunların içərisində daha mühüm bir məqam var.
Vaşinqtondakı nəticələr Vaşinqtonda yaranmamışdı.
Bu nəticələr illərlə aparılmış ardıcıl siyasətin, Azərbaycanın dəyişən geosiyasi çəkisinin və Prezident İlham Əliyevin milli maraqları əsas götürən siyasi xəttinin nəticəsi idi. Bu mənada 8 avqust yalnız diplomatik görüş tarixi deyil. Bu tarix Azərbaycanın hərbi qələbədən siyasi üstünlüyə, siyasi üstünlükdən isə yeni regional və beynəlxalq əməkdaşlıq arxitekturasına keçidinin mühüm mərhələsidir. Və həmin siyasətin mərkəzində Prezident İlham Əliyev dayanır.
Vaşinqtondakı nəticəyə aparan yol 2020-ci ilin hərbi-siyasi reallığından, Azərbaycanın 2022-ci ildə irəli sürdüyü beş əsas sülh prinsipindən, 2023-cü ildə ölkənin bütün ərazisi üzərində suverenliyin tam bərpasından və sonrakı diplomatik proseslərdən keçib.
2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın suverenliyi bütün ölkə ərazisində tam bərpa edildi.

Bununla da regionda uzun illər mövcud olmuş status-kvo faktiki olaraq sona çatdı. Növbəti mərhələdə məsələ artıq yeni reallığın siyasi və hüquqi baxımdan möhkəmləndirilməsi idi. Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyətlərindən biri də hərbi müstəvidə əldə edilmiş nəticələrin davamlı siyasi və diplomatik nailiyyətlərə çevrilməsinə yönəlmiş ardıcıl yanaşma oldu. Əldə olunan hərbi-siyasi reallıq yeni mərhələdə sülhün, regional sabitliyin və Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edən daha geniş strateji məqsədlərin həyata keçirilməsi üçün mühüm zəmin formalaşdırdı.
Azərbaycanın mövqeyi aydın idi. Davamlı sülh qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının və dövlətlərin bir-birinin daxili işlərinə müdaxilə etməməsinin tanınması əsasında qurulmalıdır. 2022-ci ildə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü beş əsas prinsip qarşılıqlı olaraq suverenliyin və ərazi bütövlüyünün tanınmasını, bir-birinə qarşı ərazi iddialarının olmamasını, gücdən və güc tətbiqi hədəsindən imtinanı, dövlət sərhədlərinin delimitasiyasını və diplomatik münasibətlərin qurulmasını, həmçinin nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturdu. Bu prinsiplər sülh müqaviləsinin əsas çərçivəsi kimi təqdim edildi. Azərbaycan müharibədən sonra formalaşmış yeni reallığın əsas siyasi aktorlarından biri kimi çıxış etməklə yanaşı, regionda davamlı sülh və sabitliyin təmin olunmasının fundamental şərtlərini də müəyyən edən təşəbbüskar mövqe ortaya qoydu. Bakı tərəfindən irəli sürülən prinsiplər Azərbaycanın dövlətçilik iradəsini, beynəlxalq hüquqa əsaslanan mövqeyini və regionun gələcək təhlükəsizlik arxitekturasına dair strateji baxışını əks etdirərək sülh gündəliyinin əsas siyasi çərçivəsinin formalaşmasına mühüm təsir göstərdi. Sonrakı proseslər bu yanaşmanın siyasi çəkisini daha da artırdı. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin mühüm nəticələrindən biri də ondan ibarət oldu ki, Azərbaycan hərbi müstəvidə əldə etdiyi nəticəni siyasi gündəliyə, siyasi gündəliyi isə diplomatik prosesə çevirdi.
Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə keçidi üçün də strateji əhəmiyyət daşıdı. İki ölkə arasında enerji, təhlükəsizlik, iqtisadiyyat və regional əməkdaşlıq sahələrində uzun illər ərzində formalaşmış qarşılıqlı əlaqələr mövcuddur. Bununla belə, əvvəlki ABŞ administrasiyasının fəaliyyətinin son mərhələsində ikitərəfli münasibətlərdə bir sıra fikir ayrılıqları və qarşılıqlı narazılıqlar meydana çıxmışdı. Azərbaycan tərəfi bu yanaşmanın ölkəmizin üzləşdiyi reallıqları və regionda baş vermiş fundamental dəyişiklikləri tam nəzərə almadığını bildirərək, münasibətlərdə daha obyektiv, qarşılıqlı hörmətə və yeni geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanan yanaşmanın zəruriliyini vurğulayırdı.
Donald Trampın 2025-ci ildə ABŞ prezidenti vəzifəsinə başlaması ilə Azərbaycan-ABŞ münasibətlərində yeni siyasi dinamika müşahidə olunmağa başladı. Prezident İlham Əliyev yeni administrasiya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verərək, dövlətlərarası dialoqun strateji məzmununun genişləndirilməsi istiqamətində fəal siyasi xətt həyata keçirdi. İlham Əliyev və Donald Tramp arasında baş tutan qarşılıqlı məktublaşmalar zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ilə yanaşı, regional təhlükəsizlik, sülh və sabitliyin təmin olunması məsələləri də diqqət mərkəzində oldu. Bu siyasi təmaslar nəticəsində formalaşan qarşılıqlı anlaşma və əməkdaşlıq iradəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlərdə real siyasi nəticələrlə ifadə olundu.
Həmin tarixdə Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin strateji məzmununun daha da dərinləşdirilməsi istiqamətində mühüm siyasi qərar qəbul edildi. Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzaladılar. Bu addım ikitərəfli münasibətlərin yeni mərhələyə keçirilməsi üçün institusional əsas formalaşdırdı.
Vaşinqtonda əldə olunan razılaşmanın məntiqi davamı olaraq, 2026-cı il fevralın 10-da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində növbəti mühüm nəticə əldə edildi. Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Beləliklə, Vaşinqtonda siyasi iradə və institusional mexanizmlə əsası qoyulan proses qısa müddət ərzində konkret hüquqi-siyasi sənədlə tamamlandı. Bu, Azərbaycan-ABŞ münasibətlərinin yalnız ənənəvi əməkdaşlıq istiqamətləri ilə məhdudlaşmadığını, qarşılıqlı maraqlara əsaslanan daha geniş və uzunmüddətli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən mühüm göstəricidir. Xartiyada regional əlaqələr, iqtisadi investisiyalar, enerji, texnologiya, təhlükəsizlik və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Bütün bunları nəzərə alsaq, Vaşinqtonda əldə olunan razılaşmaların əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə məhdudlaşmır. Birgə Bəyannamə regionda qarşıdurmadan sülhə, əməkdaşlığa və iqtisadi inteqrasiyaya keçid üçün mühüm siyasi zəmin yaratdı. Bu baxımdan, TRIPP - "Trump Route for International Peace and Prosperity" təşəbbüsü xüsusi strateji əhəmiyyət daşıyır. Layihə Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılmasını nəzərdə tutur və regionun nəqliyyat xəritəsində mühüm dəyişikliklər üçün perspektiv yaradır. TRIPP-in əhəmiyyəti yalnız yeni nəqliyyat bağlantısının yaradılması ilə məhdudlaşmır. Təşəbbüs Şərq-Qərb marşrutlarının inkişafına, Orta Dəhlizin imkanlarının genişlənməsinə, ticarət və investisiya əlaqələrinin artmasına mühüm töhfə verə bilər. Odur ki, TRIPP Azərbaycanın irəli sürdüyü sülh və regional əməkdaşlıq gündəliyinin iqtisadi və geosiyasi müstəvidə mühüm davamı kimi qiymətləndirilə bilər. Sülhün nəqliyyat, ticarət və qarşılıqlı iqtisadi maraqlarla möhkəmləndirilməsi isə Cənubi Qafqazın gələcək inkişafı üçün tamamilə yeni imkanlar açır.

Bütün bu proseslər bir daha göstərir ki, Vaşinqtonda əldə olunan nəticələr təsadüfi diplomatik uğur deyil, Azərbaycanın illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycan hərbi müstəvidə qazandığı üstünlüyü siyasi və diplomatik nəticələrlə möhkəmləndirməklə yanaşı, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq gündəliyinin formalaşmasında əsas aktorlardan birinə çevrilib. Bu prosesin bütün mərhələlərində Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və prinsipial liderliyi xüsusi rol oynayıb. Dövlət başçısı Azərbaycanın milli maraqlarını ardıcıl və qətiyyətlə müdafiə etməklə yanaşı, dəyişən geosiyasi reallıqları düzgün qiymətləndirərək ölkəmizin mövqeyini yeni strateji imkanlara çevirə bilib. Bu gün Azərbaycanın sülh gündəliyində təşəbbüskar mövqeyi, ABŞ ilə strateji tərəfdaşlığının yeni səviyyəyə yüksəlməsi və regional nəqliyyat-kommunikasiya layihələrində artan rolu ölkəmizin beynəlxalq nüfuzunun mühüm göstəriciləridir.
Emin Hacıyev,
iqtisad elmləri namizədi