Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu uzun illər beynəlxalq vasitəçilik missiyasını üzərinə götürsə də, fəaliyyətini real nəticəyə çevirə bilmədi. Təxminən üç onillik ərzində keçirilən saysız-hesabsız görüşlər və aparılan danışıqlar işğalın aradan qaldırılmasına, beynəlxalq hüququn tələblərinin icrasına xidmət etmədi. 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi isə faktiki olaraq Minsk qrupunun missiyasını mənasızlaşdırdı. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan liderlərinin zirvə görüşündə tərəflərin ATƏT-in Minsk qrupunun ləğvi üçün təşkilata birgə müraciət etmək barədə razılığa gəlməsi uzun illər nəticə verməyən bu formatın tarixin zibilliyinə göndərilməsi ilə nəticələndi. Ötən ilin sonunda isə qurumun və əlaqəli strukturların fəaliyyətinə xitam verildi.
Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Ramiz Alıyev qeyd edib ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri və Vaşinqtonda keçirilən üçtərəfli sammit Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyinin yeni mərhələyə keçidini şərtləndirən mühüm siyasi hadisə kimi tarixə düşdü.
O vurğulayıb ki, sammitin nəticələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunmuş mühüm irəliləyişlərlə yanaşı, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturası baxımından da xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər ərzində nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe, milli maraqlara əsaslanan diplomatik siyasət və ardıcıl sülh təşəbbüsləri Vaşinqton görüşündə də nəticəsini verdi. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən sammitdə Birgə Bəyannamənin imzalanması, iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişi layihəsinin paraflanması və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciətin ünvanlanması yeni siyasi reallığın mühüm göstəriciləridir. Xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinə nəzər saldıqda, onun ləğvi ilə bağlı atılan addımın tarixi və siyasi mahiyyəti daha aydın görünür. Bu qrup uzun illər mövcud olsa da, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində real və davamlı nəticə əldə edə bilmədi. Onilliklər ərzində fəaliyyət göstərən vasitəçilik mexanizmi işğal faktının aradan qaldırılmasına, ədalətli sülhün təmin olunmasına və regionda davamlı təhlükəsizliyin formalaşmasına nail olmadı. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi və diplomatik yollarla təmin etməsindən sonra isə Minsk qrupunun mövcudluğu faktiki olaraq tarixi mahiyyətini itirdi. Bu baxımdan, Azərbaycan və Ermənistanın ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciət etməsi regionda köhnə və nəticəsiz vasitəçilik modelindən yeni, birbaşa və məsuliyyətli siyasi dialoqa keçidin simvoludur".
Ekspertin sözlərinə görə, sülh prosesinin qarşısında keçmiş münaqişənin institutlarını qorumaq deyil, gələcəyə hesablanmış dövlətlərarası münasibətlərin hüquqi və siyasi əsaslarını formalaşdırmaq vəzifəsi dayanır:

"Vaşinqton sammitinin mühüm nəticələrindən biri də ABŞ administrasiyasının Azərbaycanın irəli sürdüyü regional sülh gündəliyinə dəstəyini nümayiş etdirməsidir. Burada əsas yanaşma regionun qarşıdurma məkanı deyil, qarşılıqlı faydalı əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələri və iqtisadi tərəfdaşlıq platformasına çevrilməsidir. Bu isə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanması üçün mühüm siyasi zəmin yaradır. Prezident İlham Əliyevin diplomatik uğuru ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin edilməsinə yönəlmiş təşəbbüsləri də ardıcıl şəkildə irəli sürür. Vaşinqton sammiti bu siyasətin beynəlxalq səviyyədə qəbul edildiyini və Azərbaycanın regional proseslərin əsas təşəbbüskarlarından və aparıcı aktorlarından birinə çevrildiyini bir daha nümayiş etdirdi. Bu gün qarşıda duran əsas məsələ əldə olunmuş siyasi razılaşmaların davamlı sülhə çevrilməsi, dövlətlərarası münasibətlərin hüquqi əsaslarının möhkəmləndirilməsi və Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Vaşinqtonda yaranmış siyasi imkanlar məhz bu baxımdan tarixi əhəmiyyət daşıyır".