Qərbi Azərbaycan İcması (QAİ) Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə QAİ bəyanat yayıb:
Bildirilib ki, Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib:
"QH Parlament Şəbəkəsinin (PŞ) 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə QAİ-nin öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub.
QH PŞ-nin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.
QAİ sərgilədiyi ədalətli mövqeyə görə QH PŞ-yə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir".