Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və erməni separatizmini dəstəklədiyini nümayiş etdirir.
Hər şeydən əvvəl belə mövqe Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O deyib ki, Azərbaycan və Rusiya qədim tarixi kökə malik olan tərəfdaşlardır:
“Hazırda hər iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Əgər bölgədə Azərbaycanla Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən söhbət belə gedə bilməz.
Elə bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar, mədəni və hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu”.
Deputat qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin ölkələrarası əməkdaşlığı dəstəklədiyi bir vaxtda Zatulinin bu cür məsuliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan yanaşma kimi dəyərləndirilməlidir:
“Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan problemlərinin həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir.
Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan, sadəcə, erməni lobbisinin təsiri altında separatçıları dəstəkləməkdə davam edir. Bilirik ki, bu, birinci hadisə deyil. Vaxtilə qondarma “Dağlıq Qarabağ Respublikası” adlandırılan qurumun təşkil etdiyi siyasi şouda da müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi.
Yaxşı olardı ki, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı. Onlar necə yaşayırlar, rus dilinə və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavinidir.
Mən əminəm ki, axtarsa belə, nə Qarabağda, nə də Ermənistanın əksər ərazilərində rus millətinin nümayəndəsini tapa bilməzdi”.
Deputat əlavə edib ki, rus mədəniyyətinə və dilinə münasibətə gəldikdə isə, Zatulin ermənilərin bu məsələlərə necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı:
“Çünki Njde Qaregin kimi bir faşistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir. Hazırda Ermənistan işğalçılıq siyasətinə Rusiyadakı Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa çalışır.
Yaxşı olardı ki, Zatulin, ilk növbədə, Rusiyanın həqiqi dostunun, müttəfiqinin kim olduğunu dərk etsin və mövqeyini, həqiqətən, rus xalqının maraqları ilə uzlaşdıra bilsin”.
Son dövrlərdə Rusiya-Azərbaycan münasibətlərinin daha da dərinləşdiyini deyən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, bu yaxınlaşma, heç şübhəsiz, regionda iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, həm də Ermənistan-Azərbaycan problemlərinin həll olunması üçün yeni şərtlər formalaşdırır:
“Görünür, Zatulinin bu cür təxribatçı bəyanatlar verməsinə səbəb onun ermənipərəst mövqeyidir və o, Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasını istəmir. Əlbəttə ki, zatulinlər Rusiya Federasiyasının rəsmi siyasətini müəyyən edən şəxslər deyil.
Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək, regionda ədalətli və qalıcı sülhün bərqərar olması üçün hər iki ölkə əlindən gələni edəcək”.

Millət vəkili Aydın Mirzəzadə Zatulinin fikirlərini etirazını bildirib və əlavə edib ki, bu, heç cür rəsmi Moskvanın mövqeyi kimi qiymətləndirilə bilməz:
“Ermənistan Zatulin kimiləri qabağa verməklə, beynəlxalq ictimaiyyətdə, o cümlədən, Rusiya cəmiyyətində hansısa bir rəy formalaşdırmağa çalışır. Amma bilmək lazımdır və bilsinlər ki, real vəziyyəti, rəsmi mövqeyi zatulinlər formalaşdıra, müəyyən edə bilməzlər”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az