Cənubi Qafqaz regionunun inkişafı əsasən Gürcüstan və Azərbaycanın münasibətlərindən asılıdır. Gürcüstan və Azərbaycan əlaqələrində əsas istiqamətlərdən biri birgə həyata keçirilən regional layihələrdir. Bu layihələr Avropa və Asiya ölkələrinə xidmət etməkdədir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Müstəqilik günü münasibətilə Bakıda keçirilən qəbuldakı çıxışında bu ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
Diplomat bildirib ki, iki ölkənin qarşıya qoyduğu məqsədlər Gürcüstan və Azərbaycan arasında siyasi, iqtisadi, humanitar sahədə yaxın münasibətlər, birgə əməkdaşlıq üçün zəmin yaradır:
“Qonşu ölkələrlə dostluq münasibəti və əməkdaşlıq Gürcüstan xarici siyasətinin əsas prinsipini təşkil edir, bunun bariz nümunəsi Azərbaycanla olan münasibətlərimizdir. İllər boyu iki qardaş ölkə - Azərbaycan və Gürcüstan əl-ələ tutub, bütün çətinliklərin öhdəsindən gəlib və müasir inkişaf etmiş demokratik dövlət qurmaq kimi birgə məqsəd istiqamətində addımlar atır. Bu yolda beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ölkələrimizin ərazi bütövlüyünün bərpası hər iki ölkə üçün əsas vəzifədir. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü şərtsiz dəstəkləyir, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü və Avroatlantik istəklərini dəstəkləməkdədir”.
Son vaxtlar həyata keçirilən bir sıra yüksək səviyyəli səfərlərdən danışan T.Şaraşenidze bildirib ki, bu səfərlər və görüşlər zamanı əldə olunan razılaşmaların və tövsiyələrin icrası bütün regionun inkişafına təkan verir.
Səfir Gürcüstan və Azərbaycan arasında qonşuluq və qardaşlıq münasibətlərinin pozitiv dinamikaya malik olduğunu da vurğulayıb.
Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov Gürcüstan Respublikasını Azərbaycan adından təbrik edərək bildirib ki, Azərbaycanla Gürcüstanı çox qədim köklər bir-birinə bağlayır.
“Bu köklərə əsaslanan ölkələrimiz daim dostluq və qardaşlıq şəraitində yaşayıb və inkişaf edib”, - deyə nazir vurğulayıb.