Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyədə yeni hökumətin tərkibinin açıqlanmasına münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, A.Coşqun deyib ki, yeni hökumət Türkiyə və Azərbaycan arasında mükəmməl münasibətlərin davam edəcəyinin təminatıdır.
Səfir bildirib ki, həm Türkiyə prezidenti səlahiyyətlərinin icrasına başlayan Rəcəb Tayyib Ərdoğan baş nazir, həm də baş nazir Əhməd Davudoğlu xarici işlər naziri olduğu dönəmlərdə Azərbaycana münasibətləri bəlli olub. Onun sözlərinə görə, xarici işlər naziri təyin edilən Mövlud Çavuşoğlu, ümumiyyətlə, Türkiyə hökumətinin bütün üzvləri Azərbaycanı ürəkdən sevən, qardaşlığımızı ruhlarında hiss edən, Türkiyə ilə Azərbaycanın gələcəyinə bu müstəvidən baxan dövlət xadimləridir:
“Türkiyə ilə Azərbaycan arasında mövcud olan mükəmməl münasibətlərin Türkiyədə qan dəyişimindən sonra daha da inkişaf edəcəyinə tam əminəm. Gələn həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə nazirlə Azərbaycana səfər edəcək. Bu, təsadüfi deyil. Zamanında prezident İlham Əliyevin ilk xarici səfəri Türkiyəyə etdiyi kimi prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da ilk xarici səfəri məhz Azərbaycana olacaq. Bu, yeni dövrdə iki ölkə arasında münasibətlərin necə olacağına bir sübutdur. Biz indiyə qədər əl-ələ addımlayaraq irəliləyirdiksə, qarşıdakı dönəmdə eyni hədəfə doğru daha sürətlə, qaçaraq irəliləyəcəyik. Azərbaycanla birlikdə İnkişafımızı davam etdirməyə, xalqlarımızın rifahını yüksəltməyə, bölgənin inkişafına müsbət təsir göstərməyə, Vətənimizi ən güclü şəkildə müdafiə etməyə davam edəcəyik. Türkiyə və Azərbaycanın qardaşlığı ilə bərabər formalaşdırdıqları bu dostluğunun qiymətini hər kəs bilməlidir, Türkiyə və Azərbaycanla dost olmağa çalışmalıdır. Hər kəs həm Türkiyəyə, həm də Azərbaycana düşmənçilikdə yanaşmağın hər hansı faydası olmadığını görməlidir”.
O qeyd edib ki, Türkiyə və Azərbaycan dostluğa tərəfdardır: “Bu iki ölkənin həyata keçirdiyi iqtisadi, enerji layihələri bu mahiyyətdədir. Əminəm ki, qarşıdakı dönəmdə iki ölkə arasında əməkdaşlıq daha da inkişaf edəcək. Hər bir ölkə sağlam düşüncə və sülhü seçərsə, müsbət mənada bundan yararlana biləcək”.
Alper Coşkun həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın andiçmə mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi mərasiminə dəvət etməsinə münasibət bildirib:
“Tarixin hər hansı bir dövrü araşdırılsa, Türkiyə özünə tam güvənir. Biz şanlı Türk tarixinin istənilən dövrünü araşdırmağa hazırıq. Ancaq bu, çox kiçik parlamentlərdə, manipulyasiya edən bəzi dairələrin vasitəçiliyi ilə olmamalıdır, tarixçilərin obyektiv surətdə oturub arxivlərə baxmalarını tövsiyə edirik. Azərbaycan da eyni şeyi tövsiyə edir. Bu coğrafiyanın tarixini hər kəs yaxşı oxusun. Bugünkü gerçəkliklər 100 il əvvəl belə deyildi. 1914-cü ildə başlayan Birinci Dünya Savaşının 100-cü ildönümündəyik. O savaşda 16 milyon insan ölüb. Ancaq o dönəmlə bağlı haqqında az danışılan gerçəkliklər var. Balkanlardan Ərəbistan yarımadasına, Qafqazlara qədər 2 milyon türk və azərbaycanlı torpaqlarından qovulub və öldürülüb. Bu gerçəklikləri də danışmaq lazımdır. O dövrdə bir çox xalqlar əzab-əziyyətlə üzləşib. Biz obyektiv bir şəkildə, cəsarətlə bu barədə müzakirə aparmağa hazırıq. Ancaq siyasi manipulyasiyalarla tarixin təhrif edilməsini də heç vaxt qəbul etməyəcəyik. Buna heç bir şübhə ola bilməz”.