Kubra Məhərrəmova yazır...
Dünəndən postsovet ölkələrinin media qurumları, sosial şəbəkədə fəaliyyət göstərən yüzminlik səhifələrin hər biri Əliyev-Putin görüşündən yazdılar.
Ən müxtəlif başlıqlarla geniş kütləyə çatdırılan görüşün nəticəsi çox böyük səs-küyə səbəb olub desək, yanılmarıq.
Çoxları belə bir görüşün və nəticənin nadir hallarda yaşandığını yazır və deyir. Çünki buna oxşar hadisə daha əvvəl də yaşanmışdı.
2014-cü il iyulun 17-də Rusiya tərəfindən dəstəklənən separatçılarla Ukrayna ordusu arasında döyüşlərin getdiyi Donbas səmasında "Boeing" təyyarəsi raketlə vuruldu. Bu MH17 reysi ilə uçan "Malaysia Airlines"a aid təyyarə idi. Təəssüf ki, təyyarədə olan 298 nəfər həlak oldu. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası Amsterdamdan Kuala-Lumpura uçan təyyarənin qəzaya uğramasına görə Rusiyanı rəsmi olaraq məsul hesab edib. Lakin hədisə elə orada da qalıb.
Heç kimə sirr deyil ki, Bakı ilə Moskvanın arasında əsən soyuq şimal küləklərinin əsl səbəbi baş verən hadisəyə qarşı münasibətin Bakını qane etməməsi idi. Hər kəs bununla bağlı öz proqnozlarını verdiyi zaman dünən Düşənbədə baş tutan görüş münasibətlər arasında yeni istiqaməti müəyyən etdi.

Rəsmi Bakının tələbləri qəbul olunaraq yüksək kürsüdən, kameralar qarşısında qəbul edildi.
Ən maraqlısı isə odur ki, elə görüşün ilk dəqiqələrində Rusiyanın prezidenti Putin münasibətlərin soyuqlaşmasına səbəb olan Azərbaycanın sərnişin təyyarəsinin qəzasını sadə və sakit dildə etiraf etdi. Özünəməxsus tərzdə səslənən fikirlər sonunda Kremlin hadisədə məsuliyyət daşıdığı barədə də etiraf eşidildi.
Tarix boyu "ikibaşlı qartalın" Cənubi Qafqaza, ələlxüsus Azərbaycana qarşı münasibəti birmənalı olmayıb.
Hər zaman "böyük-kiçik" rol model davranışı üstünlük təşkil edib. Zamanla Bakı bu rol model davranışından imtina etməyə çalışıb. Lakin siyasi və iqtisadi məqamlar bunun tam formalaşmasına mane olub. Bu gün isə əminliklə deyə bilərik ki, Bakı Moskva münasibətləri bərabər-tərəfdaşlıq müstəvisindədir.
Bunu da mütləq qeyd etməliyik ki, rəsmi Bakı hər zaman qonşuları və tərəfdaşlarıyla mehriban və işgüzar münasibətlərin dəstəklənməsi üçün çalışıb. Bəzən güzəştə də gedib. Bunu gücsüzlükdən deyil, əksinə şərq diplomatiyasına və Qafqaz mentallığına uyğun olaraq edib. Çünki rəsmi Bakı hər zaman düşünüb ki, yumruq atıb dava etməkdənsə, oturub məsələni danışıqla həll etmək daha sivil və uyğundur. Beləliklə daha uğurlu və tez nəticə əldə oluna bilər.
Lakin etiraf etməliyik ki, zamanla rəsmi Bakı sərt üzünü də hər kəsə göstərib. Ələlxüsus bu prinsipiallıq dövlət maraqlarının qorunması, ölkənin suverenliyi, müstəqil siyasətinin aparılması uğrunda sərgilənib.
Elə dünənki görüş də rəsmi Bakının prinsipiallığının daha bir bariz nümunəsi idi.
Kremlin Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı üzərinə götürdüyü öhdəliklər də bundan xəbər verir. Çünki rəsmi Bakının bir ildir haqlı tələbi elə bundan ibarət idi.
Məsuliyyətin tanınması, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsi.
Təbii ki, bu bir il ərazində Bakı-Moskva arasında artan gərginlikdən öz maraqları üçün istifadə edən qüvvələr də az deyildi.
Onları göstərdiyi canfəşanlıq çox zaman ifrat dərəcəyə çataraq, hətta Moskvanın Bakıya qarşı hərbi əməliyyatlara başlayacağı xəbərlərini də tirajlayırdı. Təbii ki, bu qəbildən olan informasiya mübarizəsi geniş məlumata sahib olmayan insanlar üçün qorxu və dəhşət saçırdı. Lakin Bakı təzyiqlərə qarşı çox tədbirli və səbirli davranaraq mümkün variasiyaların ən uğurlusuna nail oldu.
İki ölkə arasında münasibətlərin fərqli məcraya yönəlməsi barədə artıq dünya mətbuatı analitik yazılar tirajlayır.
Mən isə Solovyovun, Simonyanın və Zatulin kimilərin bundan sonra nə və necə danışacağını gözləyirəm.
Deməli ki, "Politik ist die Kunst des Möglichen", - yəni siyasət mümkün olan hər şeyin sənətidir (Otto fon Bismark).
Elə bu görüş də sübut etdi ki, siyasət mümkün olanın sənətidir, hətta ən mürəkkəb və uzunmüddətli problemlərin həlli belə dialoq və kompromis yolu ilə mümkündür.