Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şuşa Zirvə görüşü: Türk dünyasının mühüm platforma meydanı
İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada olub. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib. Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada - TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulayıb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".
Bəli, tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və "tarixi sammit" kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə "tarixidir" ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.
Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib - Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevrilməsi istiqamətində aktiv siyasət yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Bu sammitdən əvvəl türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə səfərlərini yada salaq. Onların səfərləri özündə mühüm çağırışları ehtiva etdi. Birliyin, qardaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatına nail olunub. İyulun 6-da da Şuşada Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlarla bağlı mühüm mesajlarla çıxış edib.
Sammitdə qəbul edilən tarixi və mühüm qərarlara nəzər salaq.
Əvvəla, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürüb. Onu da qeyd edək ki, Zirvə görüşündə "Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar" imzalanıb.
İkincisi, təbiidir ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident də hər bir çıxışında buna toxunur. Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi də hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Sammitdə də xüsusi vurğulandı ki, Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Üçüncüsü, iqtisadi əməkdaşlıqdan söz düşmüşkən, bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsini yada salaq. Bu, iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən addımlar sırasındadır. Belə bir əminlik ifadə edildi ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq.
Dördüncüsü, Türk dünyasının birliyinin möhkəmləndiyini təsdiqləyən əsas məsələlərdən biri də türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. "Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür" söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, artıq qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.
Beşincisi, sammitin məhz Şuşada keçirilməsinin mühüm əhəmiyyəti var. Belə ki, müqəddəs şəhər tarixi Zəfərimizin parlaq rəmzidir və bu şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır.
Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Və ən mühümü gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.
"Report" İnformasiya Agentliyi
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb