Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədə törədilən terrorla bağlı ehtimallar böyüyür
"Türkiyə böyük bir terror aktı ilə sarsıldı. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Ankaranın Kahramankazan rayonu ərazisində yerləşən TUSAŞ şirkətində törədilən terror çoxməqsədli bir hücum kimi geniş müzakirə olunacaq".
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay bildirib.
Onun sözlərinə görə, bu hadisənin ilk növbədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının açıqlamasına (Dövlət Baxçalı iki gün əvvəl bildirib ki, PKK-nın həbsdə olan lideri Abdullah Öcalan azad edilməli, bunun müqabilində o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir - red.) reaksiya olaraq baş verdiyi vurğulanır:
"Nəzərdən qaçırılmamalıdır ki, əgər bu əməliyyat Dövlət Baxçalının açıqlamasına görə PKK tərəfindən həyata keçirilibsə, Baxçalının açıqlamasında PKK-nın maraqlarına zidd heç nə görünmür. Onun PKK lideri ilə bağlı həbsxanadan çıxarılması barədə etdiyi çıxış mediada daha çox yer aldı. Baxçalının çıxışından bir gün sonra belə bir əməliyyatı planlaşdırmaq, kəşfiyyat işi aparmaq, silah və sursatı bir yerə toplamaq çox çətin mərhələdir. Yəni zaman baxımından, bu əməliyyatın Baxçalının çıxışı ilə əlaqəsi o qədər də çox deyil".
"Bu ehtimaldan başqa terror əməliyyatının başqa 2 istiqaməti ola bilər. Birinci vacib məsələ Türkiyədə çox müzakirə olunmur - BRICS toplantısında Ərdoğana təzyiq göstərmək istəyən Putinin əlini gücləndirmək üçün bu əməliyyatı PKK ilə rus kəşfiyyatının birgə həyata keçirmə ehtimalı. Əməliyyatın arxasında digər bir faktor da 7 Oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə etdiyi hücum fonunda bölgədəki hadisələr və Türkiyənin HƏMAS və Hizbullah məsələsindəki mövqeyinə cavab olaraq İsrail kəşfiyyatının Türkiyəyə cavabı ola bilər", - deyə ekspert vurğulayıb.
Müsahibimiz hesab edir ki, hadisənin arxasında İsrail və Rusiya amili üzərində dayanmaq lazımdır: "Belə ki, 7 Oktyabr hücumundan sonra PKK Şimali İraqda Türkiyəyə qarşı iki böyük hücum həyata keçirib, lakin bu əməliyyatlar PKK-nın əməliyyat strategiyasına baxanda fərqli görünür. Yəni PKK-nın sifarişi əsasında Türkiyəyə qarşı iki əməliyyat həyata keçirdiyi ehtimalı önə çıxır. Məhz bu iki əməliyyatdan yola çıxaraq, Kazanda həyata keçirilən əməliyyat birləşdirildikdə logistika və kəşfiyyatın MOSSAD tərəfindən, insan resursunun PKK tərəfindən təmin edilən bir əməliyyat modeli ilə qarşılaşdığımız aydın olur. Rusiya baxımından isə bu fikir çox zəif və daha çox araşdırmaya ehtiyac olsa da, əməliyyatın xarakteri, müdaxilə və hədəf aldığı kütləyə baxıldıqda "Qızılay" və "Mərasim küçəsi" hücumları bu hadisə ilə üst-üstə düşür ki, bunun da "TAG" (Kürdüstan azadlıq şahinləri) adlı təşkilat tərəfindən həyata keçirildiyi şəklində qiymətləndirmək mümkündür".
Mərahim Nəsib
"Türkiyədə terror" teqi üzrə xəbərlər
- Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"
- Ərdoğan: "TUSAŞ terrorunun Suriyadan sızma ehtimalını öyrənirik"
- PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
- Abdullah Ağar: "Ankaradakı terrorda BRICS ehtimalı da var"
- Ankarada terror aktı törədən qadının şəxsiyyəti müəyyən edilib