Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
UNESCO-nun Barselona forumunda Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası təqdim edilib
Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyası UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksəkvəzifəli rəsmilərə təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, dekabrın 9-11-də İspaniyanın Barselona şəhərində UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda Azərbaycanı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı təmsil edib.
Məlahət İbrahimqızı "Qadın liderliyi: Genderəsaslı dayanıqlı cəmiyyətlər naminə" adlı sessiyada "Dayanıqlı və tolerant cəmiyyətlər naminə qaçqın qadınların səlahiyyətləndirilməsi" mövzusunda çıxış edib. Deputat qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasəti, mövcud hüquqi çərçivə, qadınların sosial-iqtisadi layihələrdə iştirakı, qadın sahibkarlığının inkişaf etdirilməsi barədə məlumat verib.
Deputat, həmçinin, sessiya iştirakçılarına 1987-91-ci illərdə Ermənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz min azərbaycanlıya, eləcə də qaçqın Azərbaycan qadınlarına beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər laqeyd münasibət göstərildiyini qeyd edib.
M.İbrahimqızı Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının vacibliyini vurğulayaraq qaçqın qadınların reinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirib.
İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Forum çərçivəsində deputat Məlahət İbrahimqızı UNESCO-nun yüksəkvəzifəli rəsmiləri də daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib və onlara Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyasını təqdim edib.
"Qərbi Azərbaycana qayıdış" teqi üzrə xəbərlər
- İcma: "Ümumdünya İnsan Hüquqları Günü haqq işimiz üçün mühüm istinad nöqtələrindən biridir"
- Hüseyn Işıksal: "Qərbi azərbaycanlılarla Şimali kiprlilərin ortaq cəhətləri çoxdur"
- Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ikinci günü mədəni hissə ilə davam edir
- Bakıda Qərbi Azərbaycan parkı yaradılacaq
- Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü başa çatıb