“ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik”.
Oxu.Az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır:
“Belə ki, instutusional olaraq ATƏT Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər.
Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupundakı fransalı həmsədr bir müddət əvvəl dəyişib, amerikalı həmsədr Ceym Uorlik isə bu postu dekabrın 31-də tərk edəcək.
E.Ə.
www.oxu.az