28 
May
2014
13:05
87
10
11419
Virtual karabakh

Azərbaycan Xalq Cümhuriyyəti. Ordu

28 May, 2014
13:05
11419

Azərbaycan Xalq Cümhuriyyəti. Ordu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Orduda rütbələr sistemi rus ordusunda olduğu kimi saxlanılmışdı.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının müstəqilliyi elan edildikdən sonra ümdə məsələlərdən biri Milli Silahlı Qüvvələrin yaradılması idi.

Milli Silahlı Qüvvələrin yaradılmasına dair ilk cəhdlər hələ 1917-ci ilin sonu 1918-ci ilin əvvəlində olub.

Azərbaycan Milli Ordusunun yaranmasına müqəddimə Zaqafqaziya komissarlığının müsəlman, gürcü və erməni milli korpuslarının yaradılmasına dair 1917-ci il 11 dekabr tarixli qərarı oldu.

Qafqaz cəbhəsinin baş komandanı M.A.Prjevalskinin 1917-ci il 19 dekabr tarixli 155 №-li əmrinə müvafiq olaraq müsəlman korpusu iki atıcı tağımdan, iki artilleriya briqadasından, iki mortir briqadası, bir süvari batareyası, ayrı süvari briqadası, minaaxtaran taburdan və bir sıra yardımçı şöbələrdən ibarət olmalı idi.

Əli ağa İsmayıl ağa oğlu Şıxlinski

 

Korpusun komandiri Port-Artur müdafiəsinin veteranı, Qərb cəbhəsinin keçmiş 10-cu rus ordusunun komandanı general-leytenant Əliağa İsmayıl Ağa oğlu Şıxlinski təyin olundu.

Formalaşma dövrü ağır keçirdi. Baxmayaraq ki, Rusiya imperator ordusundan çıxmış azərbaycanlı zadəganlar artıq birləşmiş ordulara başçılıq etsələr də, baş və kiçik zabitlər mühitində azərbaycanlılar həddən artıq az idi.

Müsəlmanlar (volqayanı türklərdən başqa) həqiqi hərbi xidmətə çağırılmayaraq hərbi işdən kənarda qalırdılar. Müstəqil Azərbaycanın ilk lideri M.Ə.Rəsulzadə yazırdı:

“Müsəlmanlar, hətta xanlıqlar dövründə istifadə etdikləri müdafiə üsullarını belə unudublar”.

Kavaleriya zabiti

 

Bunun nəticəsi olaraq korpusa gələn könüllülərin hərbi hazırlığı yox idi. Bu səbəbdən də korpusun əsası ilk dövrdə Rusiya ordusunun süvari tağımının 1-ci Tatar alayının (“Yabanı”) 1-ci dərəcəli zabitlərindən ibarət oldu.

1918-ci ilin fevral ayının 9-da korpus komandiri Qafqaz cəbhəsinin baş komandanının adına raport imzaladı:

“Geyim formasının dəyişdirilməsi, ələlxüsus çiyin paqonlarının dəyişdirilməsi ordumuza yeni zərbə vuracaq, ruh düşkünlüyü yaradacaq.

Bu, formalaşan müsəlman ordusu üçün isə faciəvi sonlana bilər. Ona görə də müsəlman korpusu üçün geyimin təsdiq edilməsini xahiş edirəm”.

Süvari artilleriyası polkovnikinin “Müsəlman” şifrəli poqonu.

 

Ümumi şəkildə forma belə nəzərdə tutulub:

1. Baş geyimi – papaq, kokardanın əvəzinə beşguşəli ulduz.

2. Çərkəs və başlıq.

3. Ərəb (“Müsəlman”) şifrəsi və hissənin rəqəmi olan çiyin paqonu.

Bu dövrdə baş geyimləri üçün sarı misdən hazırlanmış aypara və onun ortasında yerləşən səkkizguşəli ulduzdan ibarət yeni kokarda meydana gəlir.

“Müstəqillik deklorasiyası” qəbul edildikdən və 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra regionda hərbi vəziyyət dəyişməyə başlayır.

1918-ci ilin iyun ayının 4-də Azərbaycan Türkiyə ilə sülh və dostluğa dair müqavilə bağlayır. Bu müqavilənin 4-cü maddəsinə əsasən Türkiyə Azərbaycana hərbi yardım göstərir. Və Nuri Paşanın komandanlığı altında türk ordusunun hissələri Gəncəyə daxil olur.

Respublika Parlamentinin mühafizə əsgəri, ənənəvi Qafqaz köynəyi və milli xəncər ilə.

 

1918-ci il iyun ayının 26-da Azərbaycan ordusunun yaradılması haqqında fərman imzalanır. Müsəlman korpusu Azərbaycan korpusu adlandırılır və artıq avqust ayının 11-də 1894-1899-cu il təvəllüdlü müsəlman dini görüşlü Azərbaycan vətəndaşlarının ümumi səfərbərliyi elan edilir.

Fərmanda zabitlərin rütbələri o dövrdə türk ordusunda mövcud rütbələrə uyğun dəyişdirildi:

Miralay – polkovnik.
Kayamakam – podpolkovnik.
Yüzbaşı – kapitan.
Yüzbaşı vəkili – kapitanın vəzifəsini icra edən (ştabs-kapitan).
Mülazimi-əvvəl – baş leytenant (poruçik).
Mülazimi-sani – leytenant (podporuçik).
Zabit vekili – zabitin vəzifələrini icra edən (praporşik).

Daimi xarici təhlükə, ərazi bütövlüyünün saxlanılması problemi Azərbaycan Respublikasının qarşısına şəxsi Silahlı Qüvvələrin yaradılması məsələsini çıxardı.

1918-ci il oktyabrın 28-də respublika hökumətinin iclasında Müdafiə Nazirliyinin yaradılması haqqında qərar qəbul edildi.

Nazirlər Şurasının 1918-ci il 7 noyabr tarixli qərarı ilə Hərbi Nazirlik təsis edildi, ilk dövrdə nazirliyə rəhbərliyi F.Xoyski edirdi.

 1-ci Kavaleriya tağımı hərbi parad zamanı Nikolayev küçəsində, Bakı, 1919-cu il. Ağ başlıqlar və papaqların ağ olan üst hissəsi çox yaxşı görünür.

 

Dekabrın 25-də Hərbi nazir vəzifəsinə Rusiya ordusunun, 2-ci Qafqaz ordu korpusunun komandiri, artilleriya generalı Səməd bəy Sadıq bəy oğlu Mehmandarov, nazir müavini Əli ağa Şıxlinski, Baş qərargahın rəisi isə general-leytenant Süleyman bəy Sulkeviç təyin olundu.

Mehmandarovun 1919-cu il 1 yanvar tarixli 1№-li  ilk əmri hərbçilərin əşyalarla təmin olunması barədə olur, bu əmrə müvafiq olaraq hər bir əsgərə: papaq, iki köynək, gödəkçə və şalvar, yay gödəkçəsi və şalvarı, şinel, kəmər, iki dəst alt paltarı, iki dəsmal, iki əl dəsmalı, iki cüt corab və yun əlcək verildi.

Orduya milli burjuaziyanın nümayəndələri çox böyük yardım göstərirdilər. Belə ki, məşhur neft maqnatı və milyonçu Hacı Zeynalabdin Tağıyev öz toxuculuq fabriklərindən təmənnasız olaraq 80 min metr əsgər geyimi və 20 min metr zabit geyiminin tikilməsi üçün parça verib. Bu tədbirlər 1919-cu ilin sonunda Azərbaycan ordusunun şəxsi heyətinin lazımi uniforma ilə təmin olunmasına imkan verdi.

Azərbaycan ordusunda rütbələr sistemi rus ordusunda olduğu kimi saxlanılıb.
Zabitlər:
General,
General-leytenant,
General-mayor,
Polkovnik,
Podpolkovnik,
Kapitan (kavaleriyada-rotmistr),
Ştabs-kapitan (kavaleriyada-ştab-rotmistr),
Poruçik, podporuçik (kavaleriyada-kornet),
Praporşik.

Sıravilər və kiçik komandirlər:
əsgər,
kiçik çavuş,
çavuş,
baş çavuş,
gizir.

Orduda ideoloji iş də nizamlanırdı, bu işə isə hökumət ziyalıları və din xadimlərini cəlb etməyə çalışırdı.

Artilleriya döyüşçüləri qış formasında. O, 1909-cu il nümunəsi olan ADR ordusunun sursatına aid 122-mm rus qaubisasının yanında durub. Qurşaqda isə rus artilleriya xəncəli-beybut taxılıb.

 

Hərbi hissələrin ştat cədvəlinə imamlar və mollalar daxil edilirdi.

Hərbi nazirin 1919-cu il aprel ayının 2-nə olan mühazirəsində qeyd edilir ki, “ziyalılarımızın əsas vəzifələrindən biri xalqı və ordunu onun tarixi keçmişi ilə tanış etməkdən ibarətdir”.

1920-ci ilin əvvəlində Azərbaycan Milli Ordusunun yaradılması prosesi başa çatdırılıb.

1920-ci ilin aprel ayında respublikanın süqutu zamanı 7-ci Şirvan və 8-ci Ağdam piyada alayları yaradılmışdı. Bu alayların əsasında isə 3-cü piyada tağımı yaradılacaqdı. Piyada alayı 2000, tağım isə 6000 süngüdən ibarət idi.

Ordu üçün komanda tərkibi Bakıda piyada, artilleriya və mühəndis-minaaxtaran şöbələri olan Hərbi məktəbdə hazırlanırdı.

ADR ordusunun zabitləri. Poqonlarında “Azərbaycan” şifrəsi görünür.

 

Aviasiya beş aeroplandan və bir neçə hidroplandan ibarət idi. İnqilaba qədər Bakıda mövcud olan dəniz aviasiyası məktəbi bazasında yay məktəbi açmaq planlaşdırılırdı.

1920-ci il 27 aprel tarixində Ermənistanla müharibə şəraitində Azərbaycan ordusunun əsas hissəsi daşnaq dəstələri ilə Azərbaycanın qərbində Qarabağda və Zəngəzurda döyüşdüyü bir zamanda 11-ci Qırmızı Ordunun hissələri şimalda sərhədi keçdi. Eyni zamanda aprel ayının 27-də saat 12.00-da bolşevik təşkilatı Azərbaycan parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum təqdim etdi.

Ölkənin şərqində və Bakıda çox az sayda silahlı qüvvə var idi. 11-ci Qırmızı Ordu ilə qarşıdurmadan isə söz ola bilməzdi. Bu vəziyyətdə respublika parlamenti hakimiyyətin müəyyən şərtlər altında, könüllü şəkildə bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul etdi, bu şərtlərdən biri Azərbaycan ordusunun saxlanılması idi.

Azərbaycan ordusunun sonrakı taleyi Rusiya ordusunun 1917-ci ildən sonrakı taleyindən o qədər də seçilmir.

Bu dövrün hadisələrinin ümumi təhlilinə nəzərən əminliklə deyə bilərik ki, Azərbaycanın ictimai quruluşunun XX əsrdə dəfələrlə dəyişməsinə baxmayaraq Azərbaycan Demokratik Respublikası dövründə başlanılmış və sovet hakimiyyəti dövründə davam edilmiş ordu quruculuğu Azərbaycanın müasir Silahlı Qüvvələrinin yaradılmasında dönüş nöqtəsi olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri