30 
Avq
2018
14:46
149
15
3186
Virtual karabakh

Əngəllər əngəl deyil - REPORTAJ

30 Avq, 2018
14:46
3186

Əngəllər əngəl deyil - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün cəmiyyətimizin müəyyən kəsimini sağlamlıq imkanları məhdud olan insanlar təşkil edir. Çətinliklərə baxmayaraq, bu cür insanlar, xüsusilə də gənclər həyat eşqi, nikbinlikləri və qazandıqları nailiyyətlərlə yaşıdlarına örnək ola bilirlər. 

Elə bu il tələbə adını qazanmış həmsöhbətlərim İlahə İsmayılova, Xanoğlan Sadıqov Nərgiz Hümbətli kimi. 

Bu gənclər bütün çətinliklərin öhdəsindən gələrək, ali məktəbə qəbul olublar.

Tələbə adını qazanmış İlahə İsmayılova deyir ki, uşaqlıqdan həkim olmaq istəyib:

“Tanıdığım sağlamlıq məhdudiyyəti olan uşaqlar vardı ki, həkim olmaq istəyirdilər. Arzuları həm özlərini, həm də bu cür insanları sağaltmaq olub. Həkimlikdən başqa, rəssamlığa da həvəsim var idi. Ona görə düşündüm ki, rəssam olum. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldim və altı ay rəssamlıq kursu keçdim”.

Həmsöhbətim deyir ki, universitetdə təhsil almaq üçün bir ay hazırlaşıb:

“Universitetdə təhsil almağa qərar verdim. İmtahan üçün bir ay hazırlaşdım, gecə-gündüz oxuyurdum. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan 58 bal, üç qabiliyyət imtahanından isə 10 bal topladım. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinə qəbul oldum. Tələbə adını qazandığımı biləndə çox sevindim. Ailəm də sevindi”.

İlahə İsmayılovanın sözlərinə görə, insanın istəyi və məqsədi varsa, hər şeyə nail olmaq mümkündür:

“Əvvəllər evdən çölə çıxanda mənim kimi insanları az görürdüm. Amma mərkəzə gələndə özün kimi gəncləri görürsən və düşünürsən ki, sən tək deyilsən. İnsanın düşüncə tərzi dəyişir. İstəməzdim ki, sağlamlığı məhdud olan insanlar özlərinə qapansınlar. Onlar düşünməsin ki, bədənlərində çatışmazlıq var və özlərinə sərhəd qoymalıdırlar. Əsas istək olarsa, mütləq  hədəfinə çatırsan”.

Tam görmə məhdudiyyəti olan Xanoğlan Sadıqov da ali məktəbə qəbul olub. Şəmkir rayon sakini üçüncü sinifdən təhsilini yarımçıq qoyub:

“10 yaşımdan görmə qabiliyyətimi itirmişəm. 17 il evdə heç bir məşğuliyyətim olmayıb. 2014-cü ildən Peşə Reabilitasiya Mərkəzinə gəldim və toxuculuq sənətinə yiyələndim. Daha sonra rayona qayıtdım”.

Xanoğlan Sadıqov deyir ki, mərkəzə ikinci dəfə qayıtmağının səbəbi ali məktəbdə təhsil almaq istəyi olub:

“Mərkəzin direktoru Rəhilə Həsrətova mənə bildirdi ki, Bakı Dövlət Universitetinin sosial elmi-psixologiya fakültəsinin tələbələri mərkəzə təcrübəyə gələcəklər. Onların köməyindən istifadə edib, universitetə hazırlaşa bilərsən.

Üç xanım dörd ay ərzində mənə kömək göstərdi. Nəticədə 428 bal topladım və Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul oldum. Uşaqlıq xəyallarımı, arzularımı gerçəkləşdirdim. Bunun insana verdiyi inanılmaz bir duyğu var. Ancaq yaşamaq lazımdır. Xəyallarını gerçəkləşdirməyin izahı, ifadəsi olmur. Evdəkilər, ətrafımdakı insanlar çox sevindilər”.

Xanoğlan Sadıqovun hazırladığı əl işləri, muncuqlarla toxuduğu güllər müxtəlif sərgilərdə maraqla qarşılanıb. 

Həmsöhbətim deyir ki, insan arzularının arxasınca getməlidir:

“Heç bir insan eyni ola bilməz. Necə yaranmışıqsa, ona qane olub, yaşamalıyıq”.

Digər ali məktəb tələbəsi adını qazanan Nərgiz Hümbətli qəbul imtahanlarında 73 bal, qabiliyyət üzrə isə 10 bal toplayaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ tətbiqi sənət fakültəsinə qəbul olub. 

Nərgiz deyir ki, ailədə bir uşaqdır:

“Anamla yaşayıram. Həkimlərin səhlənkarlığı ucbatından eşitmə problemim yaranıb. Azərbaycan Dövlət Pedoqoji Kollecində təhsil almışam. Həmişə Rəssamlıq Akademiyasının yanından keçəndə öz-özümə sual verirdim ki, nə zaman burada oxuyacağam? Qərara gəldim ki, bu il imtahanlarda iştirak edim. Arzuma çatdım. Özümə inamım artıb”.

Həmsöhbətimin öz məqsədi var:

“Tanınmış rəssam və moda dizaynı olmaq istəyirəm. Fikrimcə, insanlar heç kimə qulaq asmadan istəkləri uğrunda mübarizə aparmalıdırlar”.

İlhamə Əbülfət
FOTO/VİDEO: Ceyhun Şahbazlı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri