Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Problemləri içində saxlamaq, yoxsa?
Həyatın müxtəlif dövrlərində problemlər o həddə gəlib çata bilir ki, insan onu mütləq kiməsə danışmalıdır. İçində saxlamaq ancaq özünə ziyan olur və bu tərzdə davam etsə, stress inkişaf edib ağır xəstəliklərin meydana çıxmasına səbəb ola bilər.
Bəzi insanlar dərdlərini dostları, ailəsi ilə bölüşür, bəziləri ürəklərini vərəqlərə boşaldır, digərləri isə problemlərini heç kəslə bölüşmür, təkbaşına yaşayır. Narahatlıqlarını danışıb üzərindəki yükdən qurtulmağın bir yolu da psixoloq dəstəyindən istifadə etməkdir.
Belə ki, dünya ölkələrində normal qarşılanan və geniş yayılan bu hal bizdə hər kəs tərəfindən yaxşı qarşılanmır. Psixoloq yanına gedirsənsə, deməli, güclü psixi problemlərin var, hətta bəziləri dəlilik dərəcəsinə gəlib çatdığını düşünəcək. Digər ölkələrdə hər bir ailənin öz ailə psixoloqu var, Azərbaycanda isə bundan söhbət də gedə bilməz.
Psixoloq Gülnar Orucova bu barədə Oxu.Az-a danışıb. O, problemləri içində saxlamağın fəsadlarını və bundan necə xilas olmağın yollarını izah edib:
“Özlərinə qapalı, ünsiyyət problemi yaşayan, digər insanlarla ünsiyyətə girməyə çətinlik çəkən pessimist insanlar dərdlərini heç kimə danışmır. Problemini danışmayan insan çıxış yolu tapa bilməz. Belə bir söz var, “çarəsiz deyilsiniz, çarə sizsiniz”. Yəni, çarəni tapmaq öz əlinizdədir. “İnsan sevinci paylaşdıqca çoxalar, dərdi paylaşdıqca azalar” deyə fikir də mövcuddur.
Dərdi içində saxlamaq insanın yüklənməsi, beyinin daima eyni problemi düşünməsi, insanın aqressiv olması, depressiyaya düşməsi, ətraf aləmlə ünsiyyəti kəsməsi kimi problemlərə gətirib çıxarır.
İnsanlar aktiv həyat sürsələr dərdlərini adi problem kimi qəbul edə biləcəklər, daha ağır problemləri olan insanlarla rastlaşacaqlar və öz dərdlərinə çıxış yolu axtaracaqlar”.
O, bütün bunların insanların bir-birlərinə güvənməməkləri ilə əlaqəli olduğunu deyib:
“Son zamanlar cəmiyyətimizdə belə hal yaranıb, insanlar qarşılarındakı insana etibar etmirlər, kiməsə dəyər verib qarşılığını görmürlər və bir-birlərinə güvənə bilmirlər. İnsanlar birinə dəyər verdikdə, onun qarşılığını gözləyir, amma bunu etməmək lazımdır. Çünki qarşılıq ala da bilərsiniz, almaya da. Almayanda depressiyaya düşə bilmək ehtimalı var”.
Psixoloq psixoloji dəstəyin rolu haqda danışdı:
“Cəmiyyətimizdə kimsə psixoloqa gedəndə deyirlər ki, bu, dəlidir, psixoloqa gedir. Bir qadın olur, ona əvvəlcədən deyirlər ki, övladın kor olacaq. Qadının dediyi ilk söz o olur ki, uşağımı təcili psixoloq yanına aparmalıyam. Yəni, insan korluğa belə psixologiyası güclü olarsa tab gətirə biləcək qüvvədir.
Son beş ildə ölkəmizdə psixologiya kifayət qədər inkişaf edib. Amma bu gün hələ də cəmiyyətimizdə psixoloqla psixiatrı ayıra bilməyənlər var. Psixoloq sözlə müalicə edir, heç bir psixoloq dərman yaza bilməz. Psixiatrlar isə bəzən heç terapiya aparmırlar, dərman müalicəsi yazırlar. Psixoloq insanı panoramaya qaldırır sanki və öz probleminə oradan baxmağa səbəb olur”.
Psixoloq yanına gələn xəstələrin əksəriyyətinin azəri olmadıqlarını qeyd etdi:
“Hal-hazırda qrafikimdə olan 14 uşaqdan ən çox bəlkə də dördü azəri olar, ya yox, digərləri ruslardır. Azərbaycada uşaq qorxanda çıldağa aparırlar, psixoloq ağıllarına gəlmir. Bilmirlər ki, qorxunu heç bir həkim dərman müalicəsi ilə apara bilməz”.
Nəzrin Həsənova
www.oxu.az
Rəylər