Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi zəminində qaçqın və məcburi köçkün düşən böyük sayda insanın paytaxtda məskunlaşması, eyni zamanda, 90-cı illərin ortalarında regionlarda yaşanan enerji təchizatındakı problemlərlə bağlı 100 minlərlə insanın Bakıya axışması nəticəsində paytaxtda tıxac, sıxlıq problemi yaşanmağa başladı.
Xüsusilə də, yeni iş yerlərinin çoxunu Bakıda açılması, mənzil tikintisinin sürətlənməsi, “tikinti bumu”nun yaşanması (fasilələrlə də olsa) insanların bir növ Bakıda məskunlaşmasını stimullaşdırdı.
Qeyd edək ki, illərdir davam edən tıxac və sıxlıq probleminin həlli ilə bağlı bəzi addımların atılmasına, regionların ayağa qaldırılması istiqamətində bir sıra mühüm işlərin görülməsinə, dövlət proqramlarının icra olunmasına baxmayaraq, problemlər günümüzədək davam etməkdədir.
Onu da qeyd edək ki, əgər 90-cı illərin əvvəllərində Bakıda təxminən milyon yarım-iki milyon arasında əhali məskunlaşmışdısa, indi qeydiyyatlı və qeydiyyatsız paytaxtda təxminən dörd milyon-dörd milyon yarım civarında insan yaşamaqdadır.
Həmçinin, xatırladaq ki, Bakıda tıxac və sıxlıq probleminin aradan qaldırılması üçün hətta, paytaxtın başqa şəhərə (daha çox Gəncə istiqamətinə) köçürülməsi, yaxud, yeni paytaxt şəhərinin və ya Bakıdan üzü Qobustan-Şamaxı və Hacıqabul istiqamətində boş ərazilərdə yeni yaşayış massivlərinin salınması, o cümlədən, bəzi nazirliklərin, dövlət qurumlarının, ali məktəb ocaqlarının regionlara köçürülməsi təklifləri də uzun müddətdir ki, gündəmə daşınmaqdadır.
Bir neçə gün öncə Oxu.Az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə öz növbəsində Bakıdakı sıxlıq, tıxac probleminin qismən aradan qaldırılması üçün ölkənin üçüncü şəhəri və paytaxta daha yaxın olanı Sumqayıt şəhərinin 20-25 illik inkişaf konsepsiyasının hazırlanmasını, orada daha yeni iş yerlərinin açılmasını, müəssisələrin yaradılmasını məqsədəuyğun saymışdı.
Eyni zamanda digər millət vəkili Qüdrət Həsənquliyev də parlamentdəki son çıxışında Bakının yükünün azaldılması üçün bir sıra təkliflərini səsləndirmiş və bildirmişdi ki, bu məsələdən əsas çıxış yolu regionların daha da ayağa qaldırılması, insanların yenidən bölgələrə qayıdışının stimullaşdırılmasındadır.
Həmçinin, millət vəkili Fazil Mustafa parlamentin son bir neçə iclasında Bakıda sıxlıq, tıxac və ekoloji durum səbəbindən yaşamağın artıq dözülməz olduğunu bildirmiş, Bakının paytaxt şəhərindən daha çox “məhəllələr şəhəri”nə çevrildiyini qeyd etmiş, regionlara dönüş proqramının hazırlanması və icrasına ehtiyac olduğunu vuğrulamışdı.
Bununla bağlı F. Mustafa Oxu.Az-a açıqlamasında bir daha əvvəlki fikirlərinin üzərində qaldığını və israr etdiyini bildirib.
O, qeyd edib ki, artıq Bakıda normal yaşamaq, normal nəfəs almaq mümkünsüz bir məsələyə çevrilib.
Onun sözlərinə görə, Bakıda tıxac və sıxlıq əlindən az qala tərpənmək mümkün deyil.
“Ona görə hesab edirəm ki, təcili şəkildə regionlara dönüş adlı proqram qəbul edilməli və icra olunmalıdır. İnsanların yenidən bölgələrə qayıdışı üçün bütün lazımi stimullaşdırıcı addımlar atılmalıdır. Yeni iş yerləri, zavod, fabriklər, emal və sənaye müəssisələri açılmalıdır. Həmçinin, səsləndirdiyim bir fikri yenidən dilə gətirmək istəyirəm ki, ölkənin ikinci baş şəhəri olan Gəncə şəhərində BDU tipli universitet açılmalıdır.
Buna çox ciddi ehtiyac var. Düzdür, Gəncədə illərdir 3 ali məktəb- Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti və Aqrar Universitet fəaliyyət göstərir. Amma hesab edirəm ki, bunlar da yetərli deyil. Gəncədə məhz BDU tipli universitetə ehtiyac var. Yəni, bununla həm də Bakıya tələbə axınının qarşısını almaq olar. Bütövlükdə bakının tıxacdan, sıxlıqdan və digər problemlərdən qurtulması üçün çox ciddi və çevik addımlara ehtiyac var”, - deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər