Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda ilk dəfə xəstəyə süni ürək qoyulub - FOTO/VİDEO
Fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində 55 yaşlı Qubuşov Vasif İslam oğluna süni ürək qoyulub.
Oxu.Az xəbər verir ki, əməliyyatı ürək-damar cərrahı Anar Əmrah icra edib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, xəstəyə ilk dəfə çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi qoyulub:
“Dörd saata yaxın davam edən əməliyyat uğurla başa çatdı. Xəstə buna qədər Rusiya, Türkiyə və daha bir neçə ölkədə müalicə olunub. Bir dəfə ağır infarkt keçirib. Mərkəzimizə müraciət edəndə onun vəziyyəti o qədər ağır idi ki, ölüm təhlükəsi vardı. Buna görə də təcili olaraq bazar günü əməliyyata almağa məcbur olduq”.
A.Əmrah onu da əlavə edib ki, süni ürək mexaniki bir pompadır. Süni ürək xəstənin vəziyyətinə uyğun olaraq dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahi yolla yerləşdirilir və dünyada minlərlə ürək çatışmazlığı olan xəstələrə rahat yaşamaq üçün yeni ümidlər verir:
“Xəstə daim həkim nəzarətində olmalıdır. Ömür boyu qan durulaşdırıcı dərmanlar qəbul etməlidir. Cihazın batareyaları 12-24 saatdan bir dəyişdirilməli, yəni elektrik cihazına qoşulmalıdır. Cihazın dörd batareyası var. Xəstə növbə ilə onlara cərəyan yükləyə bilər. Cihaz suya və zərbəyə davamlıdır. Xəstə bu cihazla qaça, idman edə və velosiped sürə bilər”.
Əməliyyat olunan şəxs bura gəlməzdən əvvəl nəfəs almaqda çətinlik çəkdiyini deyib:
“İnfarktdan sonra dünyanın müxtəlif ölkələrində, bir çox xəstəxanalarda müalicə almışam. Amma müalicə müvəqqətidir. Əməliyyata qədər həyatdan ümidimi üzmüşdüm. Lakin öz vətənimdə əməliyyat olunmağa razılaşdım ki, həkim nəzarətində ola bilim. Hazırda özümü çox yaxşı hiss edirəm. Nəfəs almaqda çətinlik çəkmirəm”.
Könül Cəfərli
FOTO: Ramil Zeynalov
Rəylər