“İl ərzində Azərbaycanda 50-60 min nikah bağlanır. Lakin bu nikahların heç də hamısını qoruyub saxlamaq olmur”.
Oxu.Az xəbər verir ki, bu sözləri Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O, ailələrin müxtəlif səbəblərdən dağıldığını qeyd edib: “Boşanmadan öncə tərəflər ayrı yaşamağı bacardıqlarını sübut etməlidirlər. Amma hər şeydən əvvəl ailə daxilində qarşılıqlı hörmət olmalıdır. Tərəflər uşaqları da nəzərə almalıdırlar. Boşanmadan sonra uşaqlar təcrid olunmamalı, digər valideyni ilə görüşməsi təmin edilməlidir. Boşanmanın özü də ədalətli olmalıdır”.
Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov mövzunun aktuallığını vurğulayaraq deyib ki, ailənin möhkəm olması üçün, ilk növbədə, ailə quranlar sağlam olmalıdırlar:
“2014-cü ildə Milli Məclisdə Ailə Məcəlləsində böyük əhəmiyyət kəsb edən dəyişiklik edildi. Belə ki, nikaha daxil olan bütün insanlar icbari tibbi müayinədən keçməlidirlər”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov xatırladıb ki, komitənin nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Bu qurumun fəaliyyətinin əsasını milli-mənəvi dəyərlərimizin təbliği təşkil edir:
“Bunun üçün qurum intensiv iş aparır, maarifləndirici filmlər çəkilir. Ailələrimizin bütövlüyünü qorumaq üçün mənəviyyatımızı gücləndirməliyik. Dinimiz insanlara düzgün təbliğ edilməlidir”.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub:
“Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib.
Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir.
Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var. Ancaq ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur.
Belə ki, erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual problemə çevrilib. Hazırda cəmiyyətimizi narahat edən ciddi problemdən biri də boşanma hallarıdır”.
Kamil Həmzəoğlu