Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Neolit” kafesində baş verən kütləvi davanı məişət zəminində baş vermiş münaqişə adlandırıb. Səfir sosial şəbəkəni çeçenlərlə azərbaycanlıların arasını qızışdırmaqda təqsirləndirib.
Polad Bülbüloğlu bu barədə “Qovorit Moskva” radiostansiyası ilə söhbətində söz açıb.
“Nəyisə öz aralarında bölüşdürə bilməyiblər, bu, sadəcə, məişət zəminində baş vermiş münaqişədir. Milyonlarla insanın yaşadığı Moskva kimi meqapolislərdə hər cür şey baş verir. Bu heç kimə sirr deyil. Bunun millətlərarası münaqişə kimi qələmə verilməsi çox pis haldır. Bu gün, təəssüflər olsun ki, sosial şəbəkələr tankdan, avtomatdan və hətta pulemyotdan daha təhlükəli silaha çevrilib.
Ona görə ki, bütün bu informasiya təhrif olunmuş şəkildə yayılır. Məncə, hansısa bədxahların əli var, onlar ölü sayı haqqında informasiya yaymaqdan belə çəkinmədilər”, - deyə səfir bildirib.
Polad Bülbüloğlu əlavə edib ki, yaşanan münaqişəni Çeçenistan Respublikasının Dövlət Dumasında təmsil olunan deputatı Adam Delimxanovla da müzakirə edib.
“Danışdıq ki, isti başları soyutmaq, sakitlədirmək lazımdır, belə olmaz. Tezliklə ara sakitləşdi. İndi hər şey normaldır. İnsident artıq başa çatıb”, - deyə azərbaycanlı diplomat əlavə edib.
Xatırladaq ki, azərbaycanlılarla çeçenlər arasında kütləvi dava fevralın 14-də Moskvanın cənub-şərqində yerləşən “Neolit” kafesində baş verib.
İnsidentdən sonra polis 20-dən çox insanı saxlayıb.
Rəylər