Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ölkəni bürüyən sahibsiz it xofu: müalicə olunmazsa, sonu ölümdür - ARAŞDIRMA
Bugünlərdə Sulutəpədə 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun üzünü itin parçalaması ölkədə sahibsiz və quduz it məsələsini gündəmə gətirib.
Əhali bildirir ki, son günlər şəhərdə sahibsiz itlərin sayının çoxaldığı müşahidə olunur. Ən təhlükəlisi də bu itlərin bəzilərinin quduz olmasıdır. Bu hirsli heyvanlar nəinki axşamlar, lap elə gündüzlər də insanların həyatına təhlükə yaradır. Ən həssas məqam isə bu itlərin küçədə oynayan, bəzən isə məktəbli uşaqların yoluna çıxmasıdır.
Müşahidələrimiz göstərir ki, hazırda şəhərin bir çox yerində sahibsiz itə rast gəlmək mümkündür. Amma daha çox Səbail, Binəqədi, Bağlar massivi və digər Bakıətrafı ərazilərdə yaşayan insanlar küçə itləri ilə bağlı şikayət edirlər.
Müxtəlif məlumatlara görə, hazırda paytaxt ərazisində 500 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır.
Qeyd edək ki, Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” qanun qəbul olunub.
Bundan əlavə, 2011-ci ildə Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli, 38 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib.
Konvensiyaya görə, heyvanları öldürənlər, şikəst edənlər cəzalandırılmalıdırlar. Azərbaycanın İnzibati Xətalar Məcəlləsində bununla bağlı 25 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.
Bəs statistika nə deyir?
Səhiyyə Nazirliyinin məlumatına əsasən, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində beş minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. Bu il Azərbaycanda iki nəfər quduzluqdan vəfat edib.
Açıqlanan rəqəmlər elə də kiçik deyil.
Sahibsiz itlərin insanlar üçün yaratdığı problem qaçılmazdır. Bəzi insanlar onların güllələnməsini istəyir, bəziləri isə onların digər ölkələrdəki kimi, toplanmasını və peyvəndlənməsini təklif edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin açıqladığı rəqəmlərə görə, bu il quduzluq xəstəliyinə qarşı 207 850 baş itdə (o cümlədən, 377 baş sahibsiz itdə) peyvəndləmə tədbiri aparıb.
Beş ilə barmaqla sayılacaq qədər it
Onu da öyrəndik ki, küçələrdə nəzarətsiz formada yaşayan və çoxalan sahibsiz heyvanlarla məşğul olan konkret bir qurum yoxdur.
Yalnız Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi var. Bir müddət əvvəl qurumdan sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı keyidici iynələrin ölkəyə gətirilməsi ilə bağlı açıqlama verilmişdi. Yalnız üç-beş ilə sahibsiz heyvanların şəhərdə sayıla biləcək qədər azalacağı qeyd edilmişdi.
Bu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb.
Mərkəzdən saytımıza bildirilib ki, 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin, cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır:
“Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır. Bu ilin mart ayından fəaliyyətə başlayan mərkəzə indiyədək 700-dən çox sahibsiz it gətirilib. Həyata keçirilən sahibsiz heyvanlara qayğı layihəsi çərçivəsində sahibsiz itlər tutulduqdan sonra Balaxanı qəsəbəsindəki sığınacağa yerləşdirilir. Heyvanlar müəyyən müddət burada saxlanılır, müayinədən keçirilərək, peyvənd olunurlar.
Karantindən sonra sağlam sahibsiz itlər sərbəst buraxılır. Sahibsiz itlərin yığılması vətəndaşlardan daxil olan müraciət əsasında baş tutur. Onlar bu cür itlər barədə məlumat verdikdən sonra mərkəzdə üç briqadadan ibarət xüsusi təyinatlı nəqliyyat vasitələri fəaliyyət göstərir. Ərazilərdə tutulmuş sahibsiz itlər briqadalar tərəfindən Mərkəzə gətirilir”.
“Toplan”ın fəaliyyətini genişləndirmək məqsədilə hazırda 100-ə yaxın yeni qəfəsin və baytarlıq klinikasının genişləndirilməsi istiqamətində işlər aparılır. Burada üç baytar və dörd assistent fəaliyyət göstərir. Hər gün onlar ortalama 35 iti əməliyyat edirlər.
“Quduz it hürmədən insan və heyvanlara hücum edir”
Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə, quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındırsa, yoluxma ehtimalı da o qədər tez baş verir:
“Xəstəliyin inkubasiya dövrü orta hesabla üç həftədən üç aya, bəzən isə səkkiz gündən üç ilə qədər davam edə bilər. Xəstəliyin coşqunluq formasında xəstəlik 12 saatdan üç günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıq başlayır.
İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur.
İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur. İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O, hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez-tez komatoz vəziyyətə düşür və tələf olur”.
“Ölkəmizdə hər il quduzluq xəstəliyinə qarşı qeydiyyatda olan üç aylıqdan yuxarı itlərə “biokan” adlı vaksin tətbiq edilir. Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və aylarla davam edir. Spesifik hiperimmun serum və qlobulinlə peyvənddən sonra immunitet 1-2 gündən sonra yaranır və bir aya qədər davam edir”, - deyə Yolçu Xanvəli qeyd edib.
100 faiz ölüm
Quduzluğa yoluxmuş heyvanların dişlədiyi insanlar peyvənd olunmadıqda, bu, ölümlə nəticələnir. Dişləmə baş verən vaxt insanlar həkimə müraciət etməli, müalicə almalıdırlar. Çünki müalicə aparılmasa, bu, yüz faiz ölümlə nəticələnən xəstəlikdir.
İnsanlar vaxtında müraciət edib, həkimin təyin etdiyi müalicə kursunu təyin olunmuş sxem üzrə alırlarsa, heç bir fəsad olmur. Gecikmələr isə, təbii ki, fəsadla nəticələnə bilər.
Naməlum it dişləməsinə məruz qalan adama sxem üzrə beş iynə - dişləmə günü, daha sonra dişləmənin üçüncü, yeddinci, 14-cü və 28-ci günləri iynə vurulur. Dişləyən heyvan məlumdursa, baytarlar onun üzərində 10 gün müşahidə aparır.
10 gün ərzində it tərəfindən dişlənmiş, cırmaqlanmış və yaxud tüpürcəklənmiş insan üç iynə qəbul edir: dişləmə günü, daha sonra dişləmənin üçüncü və yeddinci günü. Əgər 10 gün ərzində heyvan ölməsə, kurs dayandırılır. İt ölərsə, bu zaman yenidən beş iynə vurulur.
İlhamə Əbülfət
Rəylər