26 
Apr
2019
23:03
252
26
13099
Virtual karabakh

Abbas Çayxorski - Qəribə soyadlı azərbaycanlı “Atom kralı”

26 Apr, 2019
23:03
13099

Abbas Çayxorski - Qəribə soyadlı azərbaycanlı “Atom kralı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzən tarixdə müxtəlif ixtiraları ilə yadda qalan alim, professor, ictimai-siyasi xadimlər haqqında maraqlı yazılara rast gəlirik. Çoxsaylı paylaşımlar edib onları müzakirə belə edirik. Amma təəssüf ki, tarixə öz bilikləri, ixtiraları ilə töhfə verən azərbaycanlı şəxslər zaman-zaman unudulur. Onların adı çəkiləndə insanların üzündə, sadəcə, təəccüb hissinə şahid ola bilirik. Elə Çayxorski soyadı kimi... Bəli, Çayxorski, Abbas Çayxorski.

Oxu.Az azərbaycanlı alim, kimya elminə Mendeleyev cədvəlindən də mükəmməl elementlərin dövri sistemi cədvəlini bəxş edən Abbas Çayxorski haqqında maraqlı məlumatları təqdim edir.

Bu soyadı ilk dəfə eşidən hər kəs təəccüblənir. Qəhrəmanımızın adı Abbasdır. O, 21 yanvar 1917-ci ildə Ermənistanın Göyçə mahalı, Basarkeçər adlanan qəzasının Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində dünyaya göz açıb. 1918-ci ildə ermənilər tərəfindən öz doğma yurdlarından qovulan azərbaycanlılar arasında onun da ailəsi olub. Onlar əvvəlcə Ağdama, daha sonra isə Ağdaşa gəliblər. O vaxt uşaq olan Abbasın yeniyetməlik illəri də elə məhz Ağdaşda keçir. O, burada orta məktəbi bitirib və sənədlərini Bakıda texnikuma verir. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olaraq təhsilini davam etdirib.

İndi qayıdaq Çayxorski məsələsinə. “Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Tarixdən də məlumdur ki, çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Bu, artıq ənənəvi bir addım idi. “Çayxorski” soyadının tarixçəsi ilə bağlı onun ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində məlumat vermişdi. O deyib ki, bu soyad onlara ulu babalarından qalıb:

“Bizim ulu babamız olduqca inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam Birinci Dünya Müharibəsində Polşaya sürgün edilib. Çayxorski soyadını da polyaklar ona vermişdi”.

Abbas Çayxorskinin atası Abbasəli bəy 1920-ci illərin ortalarında həbs olunub və1930-cu illərdə sürgündə vəfat edib. 

İkinci Dünya Müharibəsi başlayanda Abbas üçüncü kursda oxumasına baxmayaraq, təhsilini yarıda qoyaraq könüllü olaraq cəbhəyə gedir. O, iki ay Bakı artilleriya məktəbində təhsil alır, 1941-ci ilin avqustunda Krım cəbhəsinə yollanan Abbas Cənubi Qafqaz və Şimali Qafqaz cəbhələrində də vuruşub.

1942-ci ildə ağır yaralanır. Onu tərxis etmək istəsələr də, razı olmur və yaralı halda yatdığı hospitaldan qaçaraq birbaşa cəbhəyə qayıdır. O, baş serjant rütbəsi ilə ön cəbhəyə qayıdır və 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir. Müharibənin bitməsinə üç ay qalmış (1945-ci ilin yanvar ayında) Kalininqrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə yaralanan Abbas bu illər ərzində göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.

Gələcək alimin müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə xeyli rəsmi sənədlər də qalmaqdadır. 1945-ci il aprel ayının 21-də Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə iştirak edən Abbas yenidən qəhrəmanlıqlarına görə fərqləndirilir. İyun ayında ona Qızıl Ulduz Ordeni təqdim edilir.

Heç kim təhsilini davam etdirməyəcəyini, etdirsə belə, heç bir nailiyyət əldə edə bilməyəcəyini düşündüyü Abbas Çayxorski müharibədən sonra Bakıya qayıdır. Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin dördüncü kursuna, yenicə açılmış radiokimya bölməsinə köçürüblər.

SSRİ-də elə xalq olmayıb ki, onun içərisindən elm adamları çıxmasın. Atom bombasını yaradanların içində Abbas Abbasoviç Çayxorski adında bir azərbaycanlı olduğuna dair mənbələrdə də məlumat var. O, SSRİ-də atom sahəsi üzrə böyük bir komitəyə başçılıq edib.

1947-ci ildə ali məktəbi bitirəndən sonra təyinatla Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilən Abbas Çayxorski sovet nüvə texnologiyasının atası sayılan İqor Kurçatovun yanında kifayət qədər böyük təcrübə toplayıb. Onu da qeyd edək ki, Çayxorski öz ömür-gün yoldaşı, eləcə də, tələbə yoldaşı olmuş Yevgeniya Romanova (Çayxorskaya) ilə də məhz bu illərdə ailə həyatı qurur. 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr Çayxorski dünyaya gəlib.

Mənbələrdə qeyd edilir ki, Çelyabinskin yanında qapalı bir şəhərcik mövcud idi. “Çelyabinsk - 40” adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi. Abbas bəy də onlardan biri olub.

Beləliklə, qısa müddətdə Abbas Çayxorski İ.Kurçatovun diqqətini cəlb edir. Aparılan tədqiqatlar zamanı ortaya yeni bir zərurət çıxır. Belə ki, xüsusi vakuum qurğusunun yaradılması zərurəti ilə Kurçatov birbaşa Moskvaya məlumat verir. Moskvadan ona deyirlər ki, bu qurğunun yaradılma prosesi ən azı bir il çəkə bilər. Kurçatov isə tədqiqatlara ara vermək istəmir və alternativ yollar axtarmağa başlayır. Qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu məsələdən danışsın. Belə də olur. O, gəncləri toplayır və iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Kimyaçılardan Abbas Kurçatova bu işi görə biləcəyini bildirir. İ.Kurçatov onun cəsarətinə ciddi yanaşmasa da, “yox” demir və zaman verir.

Təəccüblü məqam və Abbas Çayxovskinin iti zəkası da məhz bu hadisədən sonra ortaya çıxır. Belə ki, cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir. Həmin dialoqla bağlı mənbələrdə qeyd edilən qısa mətnlərdə deyilir:

“Qaydalara görə, biz hər dəqiqə Kurçatovun yanına girə bilməzdik. Yalnız həftədə bir dəfə onunla görüşmək imkanımız olardı. Layihəni ona təqdim etməli idim və təcili olaraq ona yaxınlaşdım. Kurçatovun qapısında həmişə polkovnik rütbəli hərbçilər dayanırdı. Onlara məruzə etdikdən sonra bir saat gözlədim və məni içəri buraxdılar. Layihəni göstərdim. Məni göndərdi. Bir saat sonra yenidən yanına çağırdı. İnana bilmirdi. “Afərin”, - dedi. Dərhal da elə mənim yanımdaca Moskvaya zəng edərək məruzə elədi. Moskvadan layihəni götürmək üçün xüsusi təyyarə göndərdilər. İki aydan sonra isə sovet konstruktorları artıq vakuum qurğusunu hazırlamışdılar”.

Abbas Çayxorski SSRİ-də nüvə məsələsini araşdıranların zarafatla “Bakı klubu” adlandırıldığını deyirdi. Səbəb isə Landaunun Bakıda anadan olması, Abbas Çayxorskinin azərbaycanlı olması, məşhur kimyaçı Kurçatovun isə öz təhsilini Bakıda alması idi. Həqiqətən də, bunları bilmək kifayət qədər sevindiricidir.  

Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı kimyaçılar arasında tanınmağa başlayıb. O, “Neptun kimyası” adlı monoqrafiya yazır. Xüsusilə diqqətinizə çatdıraq ki, bu monoqrafiya dünyada bu mövzu üzrə yazılan yeganə elmi əsərdir. Həmin nəzəriyyə bu gün də kimya və fizika sahəsində keçərlidir. 1970-ci ildə hazırladığı cədvəl Mendeleyev cədvəlinin modifikasiyası hesab olunur. Kimyaya beşinci kvant ədədinin gətirilməsi ideyasının da müəllifi məhz Çayxorskidir.

1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il qalır. Bu 22 il ərzində daha bir hadisə baş verir - oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdləri 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək 1987-ci ildə Stokholma yollanır.

Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır, habelə hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.

1973-cü ildə isə Çayxorski olduqca ağır bir problemlə üzləşir. O illərin ab-havasını əyani göstərən daha bir faktı Aleksandr öz müsahibəsində qeyd edib:

“1973-cü ildə Leninqrad Universitetindən qovulmuşam. Səbəb isə mənim SSRİ-ni tərk edib xaricə mühacirət etmək istəyim idi. Daha da maraqlısı həmin vaxt rektor atam Abbas Çayxorskinin yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də, ümumiyyətlə, həmin universitetdə tələbə olmasından xəbəri olub. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad idi ki, bu da həmin dövrün dəyərlərini əyani əks etdirir”.

Yeri gəlmişkən, ali məktəbdən qovulan Aleksandr orduda xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və başqa yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir, işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunur.

Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıdır - bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışır. Nəhayət, 1987-ci ildə Aleksandr SSRİ-dən qaça bilir. İsveç vətəndaşı olan bir qadınla nikaha girir, Stokholmda yaşamağa başlayır. İki ildən sonra isə Stokholmdan ABŞ-a köçür.

SSRİ dağılandan sonra Çayxorski Nüvə Tədqiqatları Komissiyasından uzaqlaşdırılır. Təbii ki, bu, alimə çox pis təsir edir. Özünə qapanır. Lakin bu çətin dövrdən onu həyat yoldaşı Yevgeniya xilas edir.

O qərara gəlirlər ki, Rusiyanı tərk edib ABŞ-a, oğulları Aleksandrın yanına köçsünlər. Bu qərar Moskvada hiddətlə qarşılanır. Rusiya hökuməti onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. Məhz bundan sonra ona okeanın o tayına köçməyə icazə verilir.

Çayxorski orada molekulyar biologiya ilə məşğul olmağa başlayıb. A.Çayxorski neptun kimyası sahəsində bu gün də öz aktuallığını saxlayan nəzəriyyələrin müəllifidir.

2008-ci il noyabr ayının 30-da 91 yaşında isə ABŞ-ın Nevada ştatının Rino şəhərində vəfat edib.

Ölümündən bir il sonra, 2009-cu ildə Abbas Çayxorskinin oğlu Aleksandr Çayxorski atasının külünü Azərbaycana gətirir və Bakıdakı qəbiristanlıqlardan birində dəfn edir.

Oğlu 80 yaşında öz vətənindən yol salınan atasının son sözlərini də belə xatırladıb:

Mənə qarşı düzgün addım atmadılar. Zəhmətimlə qazandığım titulları aldılar, məni bircə xalq düşməni çıxarmaları qalmışdı. Lakin onlar mənim alim olduğumu unutdular. Mən, sadəcə, elmlə məşğul olurdum. Dəstək olsaydılar, daha çox nailiyyətlər əldə edə bilərdim”.

Bu da azərbaycanlı alim, hər kəsin “Atom kralı” kimi tanıdığı, adı uzun illər SSRİ-nin “məxfi alimlər”i siyahısında olan azərbaycanlı Abbas Çayxorskinin həyatı. Nevada ştatında rəhmətə gedən Abbas Çayxorski nüvə reaktorlarının sahibi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktorudur. 

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri