Ağdam rayonunun Xaçınçay qəsəbəsində yaranan sel təhlükəsi tamamilə aradan qaldırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, əraziyə cəlb olunan xüsusi texnikalar vasitəsilə çayın öz məcrasına qaytarılması üçün zəruri tədbirlər görülüb.
Ağdam Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, profilaktik işlər yalnız həmin ərazidə deyil, digər riskli istiqamətlərdə də davam etdirilir və hazırda vəziyyət nəzarət altındadır.
Sel səbəbindən qaz təchizatı dayandırılan 60 fərdi yaşayış evinə də təbii qazın verilişi artıq bərpa edilib. Bundan əlavə, ərazidə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən növbətçilik təşkil olunub.
Ağdamda Xaçınçaydan sel keçib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində çayda suyun səviyyəsi yüksəlib.
Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub. Həmçinin sel nəticəsində qaz xəttinə ziyan dəyib.
Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür, vəziyyət nəzarətdə saxlanılır.