Bəzi KİV-lərdə Azərbaycanda sağlam məktəb direktorunun səkkiz xəstəlikdən əlillik dərəcəsi alması ilə bağlı məlumatlar yayımlanıb. Məqalədə Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin direktoru Əmirov İlham Əvəz oğlunun heç bir xəstəliyi olmadan əlil kimi pensiya aldığı qeyd olunur.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat yayıb.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik məsələləri üzrə İşçi qrupu tərəfindən müxtəlif risk qrupları üzrə davamlı olaraq aparılan araşdırmalar nəticəsində əsassız göndərişlər əsasında əlillik təyinatı aparılmış şəxslər müəyyənləşdirilərək əlillik təyinatları ləğv edilir, onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur.
“Ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib və dövlət büdcəsinin illik qənaəti milyonlarla manat təşkil edir. Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz Əmirov İlham Əvəz oğludur.
Ona dair səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş talassemiya diaqnozu rəhbər tutulmaqla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən sırf göndərişdə qeyd edilmiş məlumatlar əsasında 2018-ci ilin yanvar ayının 12-sində müddətsiz II dərəcə əlillik təyin edilib.
Bir müddət öncə həmin göndəriş, onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız olması səbəbindən etibarsız edilib”, - o əlavə edib.
Samir İsayev