Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rauf Arifoğlu seçildiyi dairənin nəticələrinin ləğv olunmasından danışdı
35 saylı Xətai 3-cü Seçki Dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı bu dairədən daha öncə qalib elan edilən Rauf Arifoğlu açıqlama verib.
Oxu.Az xəbər verir ki, o, bu xəbərin özü üçün nə qədər ağır olsa da, məmnuniyyətlə qarşıladığını bildirib.
Onun sözlərinə görə, siyasi saxtakarlığı özünə peşə etmiş İqbal Ağazadənin parlamentə buraxılmaması, əslində, ciddi nəticədir:
“Komandam və seçicilərim üçün nə qədər ağır olsa da, mən özüm bu xəbəri məmnuniyyətlə qarşıladım. Özümün və dövlətin ünvanına yönəlmiş ittiham, şantaj və iddialar bununla da suya düşdü.
Hesab edirəm ki, antiislahat yönümlü mafiyalardan, qaranlıq dairələrdən bəslənən, siyasi saxtakarlığı özünə peşə etmiş, mübarizədə hər cür aşağı metodları məqbul sayan rəqibimin parlamentə buraxılmamasının özü də ciddi nəticədir. Bu nəticəyə görə özümdən və komandamın fəaliyyətindən razıyam.
Biz, seçki qərargahı olaraq nümunəvi və möhtəşəm bir seçki kampaniyası keçirdik, seçicilərin ümidlərinə ünvan olduq. Məhz bu səbəbdən də bütün maneələrə, təxribatlara baxmayaraq, seçkiyə gələn seçicilərin mütləq çoxluğunun səslərini alaraq, 5000 səs fərqi ilə qalib olduq.
Lakin İqbal Ağazadə və onu dəstəkləyən qaranlıq güclər, hakimiyyətdən kənarlaşdırılan revanşistlər, mafiyalar bu məğlubiyyəti qəbul etmədilər, bütün güclərini qoyaraq, sosial media vasitəsilə ictimai rəyi manipulyasiya etməyə, dövlət orqanlarına və şəxsimə qarşı şantaj kampaniyasına rəvac verdilər.
İddia edirəm ki, bu prosesdə onlara xarici xüsusi xidmət orqanları da dəstək verdilər. Seçki günü qeyri-qanuni yollarla çəkilmiş yarımçıq, heç bir sübut əhəmiyyəti olmayan videolarla ictimai rəydə mənim qələbəmin legitimliyinə şübhə yaratmaq üçün əllərindən gələni etdilər.
Etiraf edim ki, buna da əhəmiyyətli şəkildə nail oldular. Çünki bunların iddia etdiklərinin əksinə olaraq, mənim arxamda heç bir siyasi güc, heç bir dövlət qurumu dayanmırdı. Mən bir media mənsubu olaraq, öz gücüm və qabiliyyətim sayəsində möhtəşəm, tarixə düşəcək seçki kampaniyası keçirərək, tər-təmiz qələbə əldə etmişdim.
Arxamda hakimiyyətin gücü, bu gücü siyasətdə təmsil edən Yeni Azərbaycan Partiyası olsaydı, mənə qarşı bu cür açıq şantaj kampaniyası həyata keçirilə bilməzdi. Buna cəsarət edə bilməzdilər.
İctimai rəydəki bu manipulyasıyanı nəzərə alaraq, mən 13 fevral tarixində MSK və ictimaiyyətə bir müraciət ünvanladım. Təklif etdim ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsində seçkinin nəticələri ləğv olunsun və seçki təkrar keçirilsin.
Bu müraciətlə də rəqibim İqbal Ağazadəni yenidən yarışa səslədim. İstərsə, keçən dəfəki kimi, qusarlı Rauf Abbasov, Arzu Abbasov kimi klonlarla, çirkin texnologiyalarla, məntəqə sədrlərini rüşvətlə tərəfə çəkməklə gəlsin. Mənə fərq etmir. Buyursun, bir daha yarışaq! Hərçənd ki, seçkidə yol verdiyi cinayət xarakterli əməllərə görə onun məsuliyyətə cəlb olunmaq, siyasi fəaliyyətdən də uzaqlaşdırmaq cəzası da ola bilər”.
O nəticələrin ləğv olunmasının yeni yarış imkanı yaratdığını söyləyib:
“Mənim də tələbimi təmin edən MSK-nın qərarı ilə dairədə nəticələrin ləğv olunması yeni yarış imkanı yaradır. Mən bu imkandan öz adıma, istifadə edəcəm! İqbal Ağazadəni, ürəyi istəyən başqa siyasi liderləri də dəvət edirəm, gəlsinlər, seçki nədir, qələbəni necə qazanmaq olar, bir daha əyani şəkildə göstərim!
Bütün sabotajçıları, bütün mahmudovçuları, bütün saxtakar və fırıldaqçı çevrəsini, qardaşının Protean Construction şirkətinin çalışanlarını da yenidən bir yerə yığıb, yenidən 5000 fərqlə (minimum) udacam!
Mənə, soyuq havaya rəğmən, səs verən 9244 seçiciyə, möhtəşəm kampaniya aparan seçki qərargahıma, mediada dəstəyim olan həmkarlarıma, ailəmə, doğmalarıma ürəkdən təşəkkür edərək bildirirəm ki, yeni seçki kampaniyasına hazır olsunlar!”
"MSK" teqi üzrə xəbərlər
- Bu həftə bələdiyyə seçkisi ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
- Bələdiyyə seçkisində namizədliyi qeydə alınan şəxs dünyasını dəyişib
- 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələri qeydə alınıblar
- Məzahir Pənahov: "Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar"
Rəylər