“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib:
“May ayı üzrə ödənişlə bağlı vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək, bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər.
Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib”.
S.Babayev bildirib ki, məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır:
“Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.
Özünüməşğulluq proqramına gəldikdə, bu proqram çərçivəsində cari il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır.
Bu sahədə Dünya Bankı ilə birgə layihəyə də başlanır və həmin layihə üzrə hər il beş min ailənin özünüməşğulluğu təmin ediləcək. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz və əlilliyi olan şəxslərin biznesə çıxışına da dəstək verilir”.
Rəylər