Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Koronavirusla mübarizədə ön cəbhədə olanlar: Qaydalara əməl etməklə özümüzü və onları qoruyaq!
Həyatda insanın ən önəmli sərvəti sağlamlığıdır. Sağlamlığımız yerində olmayanda dünyanın bütün naz-neməti gözümüzdən düşür. Az qalırıq sahib olduğumuz hər şeyi qurban verək ki, təki canımız ağrımasın. Sağlamlığımızın qeydinə qalan isə birinci özümüz, sonra peşəkar, savadlı həkimlərimizdir.
Oxu.Az xəbər verir ki, bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da koronavirus pandemiyası ilə mübarizə tədbirləri görülür.
Bu çətin günlərdə əsas yük isə hüquq-mühafizə orqanları ilə tibb işçilərinin üzərinə düşür.
Statistikaya nəzər salsaq görərik ki, bu gün dünya üzrə koronavirusa yoluxanların sayı səkkiz milyon, sağalanların sayı isə dörd milyonu keçib. COVID-19-dan vəfat edənlərin sayı isə təəssüf ki, 436 mindən çoxdur.
Bütün ölkələrdə səhiyyə sistemi mövcud vəziyyətlə mübarizə aparmaq üçün ən uyğun üsulları nəzərdən keçirir. COVID-19 infeksiyasına qarşı konkret vaksin, dərman preparatı olmadığından vəziyyəti idarə etmək bir qədər çətinləşir. Bütün bunlara baxmayaraq, qonşu ölkələrlə müqayisədə Azərbaycanda vəziyyəti qənaətbəxş hesab etmək olar.
Ölkədə mövcud vəziyyəti dəyərləndirən ekspertlər pandemiya dövründə tibb işçilərinin peşəkar və fədakar fəaliyyətini, Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı dövlət siyasətini, bu istiqamətdə atılan addımları yüksək qiymətləndirirlər.
İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov çıxışlarında hələ heç bir ölkənin səhiyyə sisteminin, aliminin koronavirusa qarşı vaksin və ya virusa yoluxan insanın təkrar bu virusa yoluxma riskinin olub-olmaması ilə bağlı konkret informasiya vermədiyini qeyd edib.
Lakin istər dünya ölkələrində, istərsə də Azərbaycanda peşəkar həkimlərin qabaqlayıcı tədbirləri nəticəsində yüngül vəziyyətdə olan COVID-19 xəstələri arasında sağalanlar var. Azərbaycanda tibb işçiləri vətəndaşlara səslənərək, ilkin simptomları hiss etdikləri anda təcili tibbi yardıma müraciət etmələrini tövsiyə edirlər. Məhz bunun nəticəsində virus ağciyərləri sıradan çıxarmamış qarşısını almaq mümkün olur.
Ekspert onu da qeyd edib ki, hər bir ölkə müvafiq qaydada müşahidə aparır və yoluxma ilə bağlı artımın qarşısını almaq üçün tədbirlər görməyə çalışır:
“Azərbaycanla yanaşı, qonşu ölkələrdə də məhdudiyyətlərin davam etməsinə baxmayaraq, yoluxma hallarının artdığını müşahidə edirik. Amma ölkəmizdə yoluxma hallarının artımında stabillik var. Onunla paralel olaraq, sağalma hallarında da artım müşahidə edilir”.
Bu isə ölkəmizin fədakar həkimlərinin sayəsindədir. Bu gün bütün dünya görünməz qəhrəmanların - həkimlərin bu fədakarlığını yüksək qiymətləndirir və onlara dəstək olmağa çalışır. Günün 12 saatını xüsusi geyimlərdə keçirən bu həkimlər reanimasiya şəraitində müalicə alan neçə xəstəyə xidmət göstərirlər. Bir koronavirus xəstəsinə ən azı 10 həkim heyəti baxır.
Təəssüf ki, koronavirusdan ölən vətəndaşların sayı da artır. Lakin nəzərə almaq lazımdır ki, öz sağlamlıqlarını təhlükəyə ataraq xəstələrə xidmət göstərən həkimlər arasında da koronavirusa yoluxanlar, hətta həyatını itirənlər də az deyil. Odur ki, ağır vəziyyətdə olan xəstələrə xidmət göstərən həkimlərin, tibb işçilərinin zəhmətini itirməyək, karantin qaydalarına riayət etməklə, qoruyucu vasitələrdən düzgün istifadə etməklə, onlara kömək olaq. Unutmayaq ki, biz birlikdə güclüyük.
Xatırladaq ki, ötən gün Azərbaycanda daha 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib. Daha 274 nəfər isə koronavirusdan sağalıb. Ötən gün ölkədə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6087 test aparılıb.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar