Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələrin qanunsuz satışı, 1 665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu hesabat yayıb.
Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 91,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil edib.
Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton 163 kq 710,6 qr olan 271 min 712 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, müvafiq qaydaya uyğun olaraq məhv edilib.
Cinayət məsuliyyətinə 1 933 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək dörd nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1 418 nəfər təşkil edir.
Məsuliyyətə cəlb olunanlardan 85-i fəhlə, beşi qulluqçu, ikisi vəzifəli və maddi məsul şəxs, ikisi nəqliyyat işçisi, üçü kənd təsərrüfatı işçisi, doqquzu əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törədənlər, 1 307-si işləməyən, 1 890-ı kişi, 43-ü qadın, 49-u isə xarici ölkə vətəndaşı olub.
Məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran, 8-i Gürcüstan, 13-ü Rusiya, ikisi Qazaxıstan, biri Pakistan vətəndaşı olub. Onlardan çəkisi 448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 28,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4 732, ötən altı ay ərzində bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1 661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2 740 nəfərdir.
Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında törədilib və həmin faktlar üzrə çəkisi 769,6 kq narkotik vasitə müsadirə edilib.
Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan 208,4 kq müxtəlif növ narkotik vasitələr götürülüb.
Təhlil göstərir ki, ötən ilin birinci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artıb, 16-18 yaşadək olanların sayı bir, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı yeddi nəfər azalıb.
Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 vahid azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olub.
Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 10 832 nəfər keçirilib.
Onlardan 3 101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1 759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.
Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən üç məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583 nəfər xəstə müalicə alır.
Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1 794 nəfər keçib.
Onlardan 1 228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.
Rəylər