İyn
2022
12:00
35
176
2888
Virtual karabakh

Siracın anası: “Deyirdik, oğlunu öyrədək, atasının qabağına qaçsın, indi Özgür qaçır, atası görmür” - REPORTAJ

4 İyn, 2022
12:00
2888

Siracın anası: “Deyirdik, oğlunu öyrədək, atasının qabağına qaçsın, indi Özgür qaçır, atası görmür” - REPORTAJ

“28 ildən sonra torpaqlarımız alındı. Yeddi-səkkiz aylıq əziyyətdən sonra doğma Qubadlı torpağımı görmək mənə də qismət oldu. Doğulduğum və uşaqlığımı görmədiyim kənd...”

Bu sözləri 2021-ci ilin iyunun 4-də Kəlbəcərdə mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov ölümündən bir müddət əvvəl doğulduğu Qubadlı rayonunun Dondarlı kəndinə səfəri zamanı lentə aldığı videogörüntüdə qeyd edib. 

Xatırlatma:

2021-ci il iyunun 4-ü saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində üç nəfər - Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Oxu.Az olaraq həmkarlarımızın ölümünün birinci ildönümündə Siracın əziz xatirəsini yad etmək üçün ailəsinin yaşadığı ünvana yollandıq. 

Evdəki hər kəs bugünkü məclis üçün hazırlıq görürdü. Anası Azadə xanımın gözlərindən acısının ağırlığı oxunurdu.

Qeyd edək ki, Sirac Abışov 1989-cu il avqustun 29-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 

Şəhidin anası deyir ki, oğlunun yoxluğuna hələ də inana bilmir:

“Sirac bir an da olsa, yadımdan çıxmır. İnanmıram ki, nə vaxtsa da o mənim yadımdan çıxar. Mehriban, qayğıkeş övlad idi. Onun dörd yaşı olanda bizim köçkünlük həyatımız başladı və 1993-cü ildən Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşdıq.

Həmin vaxtdan oğlum, demək olar ki, öz həyatını yaşamayıb, tez böyüdü... 1994-cü ildə onun dayısı, Həmzə Adıyev Vətən uğrunda gedən savaşda şəhid olub. Həmişə Siracı özümlə Şəhidlər xiyabanına aparırdım. Mənə deyirdi ki: “Ana, qorxma, böyüyüb, dayımın intiqamını alacam”. 

A.Abışova deyir ki, oğlu da dayısı kimi mərd, vətənpərvər idi:

“O, düşmənə qarşı öz kamerası ilə döyüşürdü. Sirac orada olanda gecələr də yatmırdım, dualar edirdim. Hər gün danışırdıq. Qarabağ zonasında balaca bir çiçək tapsa, şəkillərini mənə göndərirdi... (ağlayır). Hadisə olan gün, saat 10-a işləmiş “Özünüzdən muğayat olun” deyə axırıncı mesajı göndərib. Mən də yazdım ki, sən də özündən muğayat ol. Heç o mesajı oxumadı da. O, çox ailəcanlı, ataya-anaya bağlı idi, razı olmurdu ki, ondan nigaran qalaq”.

Şəhid anası deyir ki, oğlu minalı ərazilərdə çəkilişlər edib:

“Hər yeri qarış-qarış çəkib. Hadisə olan gün qohumlar, tanışlar mənə zəng etdilər, hal-əhval tutdular. Bildim ki, nəsə baş verib. Amma Sirac heç ağlıma gəlmirdi... Xəbəri eşitdikdən sonrasını xatırlamıram. O mənim sirdaşım idi. Müharibə başlayanda şəhidlər haqqında veriliş olanda yanımda oturub əlimdən tuturdu ki, həyəcanlanmayım”.

Siracın Özgür adlı oğlu Vətənə əmanət qalıb. Özgürün köynəyinin üzərində atası ilə özünün şəkli var. Bizə köynəyini göstərib, “ata” dedi...

“Sirac Qarabağ bölgəsində olanda bizə deyirdi ki, oğlunu elə öyrədək ki, o evə gələndə qabağına qaçsın. İndi Özgür yeriyir, qaçır, amma atası bunu görmür”, - deyə şəhidin anası vurğulayır.

A.Abışova qeyd edir ki, Siracın getməyini istəməsə də, o, bununla razılaşmayıb:

“Biz də, Sirac da təhlükəni bilirdik. O gedəndə ağladım, dedim, getmə. Amma oğlum getməli olduğunu dedi və getdi... Sirac haqqında günlərlə danışsam da, bitməz”. 

Sirac və qardaşı Şirzad Abışovlar müharibə başlayan zaman döyüşmək üçün könüllü yazılıblarmış. 

Şəhidin həyat yoldaşı Sehran Abışova isə onun üçün danışmağın ağır olduğunu bildirdi. 

Sirac yalnız ailəsinin deyil, qohumlarının qəlbində də unudulmaz izlər buraxıb. 

Şəhid operator Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Allah rəhmət eləsin!

İlhamə Əbülfət

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri