“Azərbaycanda sərgi təşkil olunmur, heç bunu edə də bilmərik. Çünki burada elə çox adam yoxdur ki, xəttatlıqla məşğul olsun. Mən işlərimi sərgidə nümayiş etdirsəm, uzağı gəlib görəcəklər ki, əsərdə Alim Qasımov görünür, amma yazını heç kim başa düşməyəcək. Deyir, ey Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor. Yəni gərək o mühit yarana ki, onun da sərgisini təşkil edəsən”.
Bu fikirləri Oxu.Az-a müsahibəsində azərbaycanlı rəssam, xəttat, Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Yavər Əsədov deyib. Həmsöhbətimiz karikaturanın gücündən və ondan imtina səbəblərindən, qəzetinin bağlanma yolundan, xəttatlığın sirlərindən, art kalliqrafiyadan, Səddam Hüseynin onun üçün hazırlatdığı bahalı saatdan və digər bir sıra məsələlərdən söz açıb:
Müsahibəni təqdim edirik:
- Yavər müəllim, bir az özünüzdən, bu sənətə gəlmə yolunuzdan danışmağınızı istəyərdik.
- Düzü, elə bir kövrək yerdə doğulmuşam ki, ora mənim peşə seçimimə birbaşa təsir edib. Cəbrayıl rayonunun Maralyan kəndindənəm. Biz Aşıq Pərinin kötücələriyik. Coğrafi ərazimiz məcbur edir ki, adam hansısa bir sənətlə məşğul olsun. Məsələn, Neftçalada balıqçılıqla, Quba tərəfdə bağbanlıqla daha çox məşğul olurlar, biz tərəfdə isə sənət ön plandadır. Kəndimiz düz Araz çayının qırağındadır. Səhərlər onun şırıltısına, turacların oxumasına oyanırsan. Arazın o tayındakılar da azərbaycanlılardır, danışanda səslərini eşidirsən. Ona görə də bizdə uşaq yaşdan kövrək əhval formalaşıb. Doğrudur, orada çox uzun yaşamamışam, bir müddət sonra məkanımızı dəyişib Bakıya gəlmişik. Amma o əhval canımda həmişə olub. Məktəb illərindən musiqiyə, şeirə, sənətə böyük həvəsim olduğu üçün musiqi məktəbinə, ədəbiyyat və rəssamlıq dərnəyinə getmişəm. 1975-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Allahın bir lütfi idi ki, biz şəhərdə ev alanda qonşularımız akademik Tahir Salahov, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov oldu. Mən ədəbiyyatçı da ola bilərdim, amma onları görəndən sonra rəssam olmaq istədiyimi anladım.
Ailəliyəm, dörd oğlum, bir qızım var. Oğlum heykəltaraşdır. ABŞ-də bu yaxınlarda Hüseyn Cavidin heykəlini qoydular, onu oğlum hazırlamışdı. Digər bir oğlum dizaynerdir. Qızım da sənətimi davam etdirir, paralel olaraq İqtisad Universitetində magistr təhsili alır. Bir oğlum isə Almaniyada diplomatiya üzrə təhsil alır.
- Adətən, sənət adamları incəsənətin bir neçə qolunda istedadlı olurlar. Sizdə də belədir, rəssamlıq və xəttatlıq üzrə fəaliyyət göstərirsiniz. Xəttatlığa gəlmə yolunuzun rəssamlıqdan keçdiyini deyə bilərikmi?
- Bəli. Amma mən xəttatlıqda da, rəssamlıqla da məşğulam. Bilirsiniz, istedadı insana Tanrı verməlidir. Normalda mən üzərimdə çox çalışan adamam, çox istəmişəm mahnı bəstələyim və səhərə qədər bunun üçün məşq eləmişəm, amma sonda görmüşəm ki, alınmır, Allah bu istedadı mənə verməyib. Xəttatlığı isə mənə Tanrı verib. O mənə elə bir qapı açıb ki, mən xətlə-yazı ilə portretlər çəkməyə başladım.
Sənətə gəlmə yolum isə əsasən, “Odlar Yurdu” qəzeti ilə əməkdaşlıqdan sonra oldu. Həmin qəzet əski əlifba ilə çıxırdı və çox maraqlı qəzet idi. Neçə adam o qəzet vasitəsilə əski əlifbanı öyrənib. Bir gün baş redaktor Ramiz Əskər mənə Nəbi Xəzrinin məni görmək istədiyini dedi və mən də Nəbi Xəzrinin yanına getdim. Nəbi Xəzri məndən onların xəttatı olmağımı istədi. Məgərsə onların xəttatı tez-tez səfərlərdə olurmuş və işləri ləng gedirmiş. Ona görə də məndən yazıları həmin xəttatın yanına aparmağımı və onun özünə demədən əlinə baxıb öyrənməyimi istədi. Mən də bir neçə gün belə etdim. Amma xəttata nə sual verirdimsə, cavablamaqdan yayınırdı, qəti öyrətmək istəmirdi, “Bu, çox ağır peşədir” deyirdi. Amma sonra mənim inadkarlığımı və həvəsimi görüb xəttatlığı öyrətdi. Ondan əvvəl əlifbanı bilirdim, amma bilavasitə xəttatlıqla məşğul olmağım o dövrə - 1985-ci ilə təsadüf edir. Məşğul olduqca gördüm ki, bu, qrafikanın bir növüdür. Fərq onda oldu ki, rəssam olduğuma görə, bu sənəti öyrənmək mənə çox rahat gəldi. Kalliqrafiyada xətləri araşdırdım. Nəsx, nəstəliq, süls, şikəstə və kufi xətləri var. Art kalliqrafiyada isə özümü tapdım. Bu sahədə xətlə istənilən şeyi yarada bilirsən. Şah İsmayıl Xətainin görüntüsünü adındakı hərflərlə yazdım və burada süls xəttindən istifadə etdim. Amma digər xətlərdən də rahat istifadə edə bilirəm. Süls xətti ilə “İslam” sözünü göyərçin şəklində yazdım və bu yazım Pakistandakı beynəlxalq müsabiqədə qalib gəldi və səkkiz min dollar pul mükafatının hamısını həmin vaxt Pakistandakı zəlzələdən ziyan çəkənlərə yardım üçün köçürdüm. O işim müsabiqənin loqosuna çevrildi. Çünki onlar xəttə çox böyük önəm verirlər. Hərdən deyirlər ki, art kalliqrafiyanı avropalılar yaratdılar. Amma hələ ovaxtkı rəssamlarımız gəlib o həddə çatıblar.
- Bu gün xəttatlıq digər sənət sahələri ilə müqayisədə sanki bir az inkişafdan geri qalıb. Fikrimizlə razısınızmı və belədirsə, səbəbi nədə görürsünüz?
- Doğrudur, bizim sahəmiz, demək olar ki, yox səviyyəsindədir. Xan Şuşinskidən sonra hamı onun kimi oxumaq istədi, xanəndələrin sayı artdı. Amma xəttatlıqda bu yolun inkişafını əngəllədilər. Belə ki, Azərbaycanda cümhuriyyət qurulandan sonra əlifbamızı üç dəfə dəyişdilər. Birinci dəfə əlifbamız əski əlifba idi. Nizami, Füzuli, Nəsimi, hətta Əliağa Vahid bu əlifba ilə əsərlər yazıb. Təsadüfi deyil ki, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin bəzi şeirlərini Səməd Vurğun çevirib. Əslində, o tərcümə deyildi, sadəcə əsərlər latın və kiril əlifbasına keçirilirdi. 1929-1939-cu illərdə Azərbaycanda latın qrafikası tətbiq edildi. 1939-cu ildən 1991-ci ilədək isə kiril əlifbası istifadə olundu. Hələ kiril qrafikasına keçməzdən əvvəl Azərbaycanda din əleyhinə fəaliyyət göstərən “Allahsızlar” Cəmiyyəti yaradıldı. Hətta bu gün biz qərb bölgələrimizdə - Tovuz, Gəncə, Qazaxda onun izlərini “Allahsız” xitabında görə bilərik. Həmin dövrdə insanlara Allahsız olmaqla bağlı vəsiqə verilirdi və əski əlifbada yazılan bütün mətnləri Quran ayəsi hesab edib yandırırdılar. Evlərdən əski əlifba ilə yazılmış kitabları toplayıb məhv edirdilər. Onların arasında bizim neçə dahi yazarımızın orijinal əsərləri getdi. Bununla da bizim yazılı mədəni dəyərlərimiz sıfıra endirildi. Yenidən də heç nə yaradılmadı. Bax, həmin əsərləri yandıraraq bu sənətin inkişafını önlədilər. Kim bu əlifba ilə yazırdısa, təqib olunurdu. Ona görə də yeni nəsillərə əski əlifba öyrədilmədi, sənətimiz əlimizdən alındı.
- 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətinin üzvüsünüz. Bəs karikaturaya marağınız necə yarandı? Sizin üçün klassik rəssam, karikaturaçı rəssam, yoxsa xəttat olmaq maraqlıdır? Yəni ən çox hansı ilə məşğul olanda zövq alırsınız?
- Rəssamlığın portret, mənzərə janrlarını öyrənməyə xüsusi diqqət göstərmişəm. Rəssam kimi fəaliyyətə başlayandan sonra arada karikatura da çəkirdim, 1973-cü ildə isə “Kirpi” jurnalına dəvət aldım. Bilirsiniz ki, ictimai-siyasi hadisələrə ən optimal, ən tez müdaxilə etmə imkanı olan karikatura janrıdır. Ona görə də mənim bu janra xüsusi sevgim var. Gündəmdə olan bir məsələyə mənzərə və portretlə sən heç nə edə bilməzsən. Nə vaxtsa gərək böyük bir əsər işləyəsən ki, ictimai fikrə təsir edə biləsən. Amma ona da əvvəlcə sənətşünaslar don geyindirməlidirlər ki, rəssam burada gələcək hadisələrdən xəbər verir. Karikaturada isə buna ehtiyac yoxdur, birbaşa sözünü deyə bilirsən. Bu gün bir aqressiya olubsa, dərhal münasibət bildirə bilirsən. O baxımdan mən həm beynəlxalq karikatura, həm də ictimai-siyasi karikaturalara müraciət etdim və müntəzəm olaraq onlar dövri mətbuatda çap olundu. Təxminən altı-yeddi il əvvələ qədər bu sahəni davam etdirmişəm.
Həmin illərdə Azərbaycan Nəşriyyatında bir sıra jurnallarla əməkdaşlıq edirdim. Məsələn, “Təbliğat” jurnalında plakatlar və son səhifədə portretlərlə çıxış edirdim. Orada əməkdə fərqlənənlərin portretini hazırlayırdım. Nəşriyyat qaynar qazan olduğu üçün istər-istəməz şairlər, yazıçılar həm kitabların üz qabığının işlənməsini, həm də içərisində illüstrasiyalara yer verilməsini istəyirdilər. Ona görə də o dövrdə daha çox kitab qrafikası işlədim. Məsələn, Məmməd Aslanın, mənim üçün ən dəyərli yazıçılardan olan Tahir Kazımovun, Fazil Güneyin kitabları, Aşıq Şəmşirin külliyyatı da vardı. O işlərimin hamısını saxlayıram.
- Yavər müəllim, altı-yeddi il əvvəl nə baş verdi ki, karikaturadan vaz keçdiniz?
- Mən satirikəm. İctimai-siyasi hadisələrə münasibət bildirmək adamın içindən gəlir. Amma indi hadisələr elədir ki, o sahədəki fəaliyyətimi dayandırmalı oldum.
Bir az əvvələ qayıdım ki, məsələ tam aydın olsun. Bəzən elə olur ki, işini aparıb redaktora göstərirsən və o, səndən bu işin bir yerini “düzəltməyini” istəyir. Gedib düzəldəndə görürsən ki, bu sənin istədiyin deyil. Mənim üçün sənət elə olmamalıdır. Axı mən görürəm ki, reallıq belə deyil. Elə bu müdaxilələrə görə mən “Zarafat” qəzetini təsis etdim və üç ilə yaxın qəzet çıxdı. Əsas məqsədimiz onda da, indinin özündə də Azərbaycan cəmiyyətinin həm mənəvi, həm də estetik zövqünü inkişaf etdirmək olub. Təsadüfən biz sənət adamı olmamışıq ki. Biz rüşvətdən uzaq olmuşuq.
Məndən bəzən soruşurlar: “Müəllim, sizin heç “moyka”nız da yoxdur?” Təəccüblənirəm. Çünki heç vaxt vəzifələrdən özüm üçün faydalanmamışam. Sənətimdə də reallığı göstərmək istəmişəm. Bu gün mən bir karikaturayla elə bir şey edərəm ki... Hazırda salamatı çəkilməyimdir (gülür). Karikaturanın zamanı var. Ona görə də xəttatlığa güc vermişəm.
- Qəzetinizin bağlanma yolunu da bilmək istəyərdik.
- Baba Pünhanı ədəbiyyat şöbəsinə müdir təyin etmişdim. Həmin vaxt bir karikatura hazırlamışdım, o da həmin karikaturaya şeir yazmışdı. Karikaturada isə əlində nazir papkası olan arxası böyük bir nazirin başını dəvəquşu kimi kola soxması əks olunmuşdu. Kol isə manat-dollardan yaranmışdı. Baba Pünhanın şeiri isə belə idi:
Uymusan rüşvətə, pula
Halından xəbərin varmı?
Başını soxmusan kola,
Dalından xəbərin varmı?
Ondan sonra qəzetimi metrodan, küçədən yığışdırdılar, satışım aşağı düşdü (gülür), sonra da qəzet bağlandı. Bu, karikaturanın gücüdür.
- Cəbrayılda doğulmusunuz, iki il əvvəl həsrət bitdi, torpaqlarımız azad edildi. Yurdunuza baş çəkmə imkanınız olubmu? Orayla bağlı həm işğal dövründə, həm də azad edildikdən sonra xəttatlıq nümunələri yaratmısınızmı?
-Xeyr, Cəbrayılla bağlı xəttatlıq işim yoxdur. Amma bir neçə dəfə Xudafərinin üzərində işləyib rəsmini çəkmişəm.
- Yavər müəllim, xəttatlığın sirri nədədir, bu peşəni nə qədər müddətə tam öyrənmək olar? Bildiyimiz qədəri ilə pedaqoqsunuz. Tələbələriniz varmı?
- Müəllimin təbiri ilə desək, buna hər adam girə bilmir, çox məsuliyyətli bir işdir. Ölçüləri və əski əlifbanı bilmək çox önəmlidir. Şükür ki, indi-indi öyrənənlər var. Bu isə ölkədə dini təbliğatı artırmaq istəyənlərin vasitəsilə olub. Farslar gəlib kurslar açıb fikrə təsir etməyə çalışdılar, amma fikrə təsir edə bilmədilər, sadəcə əlifbanın öyrədilməsində bu kurslar bir işə yaradı. Heç kim onların təbliğatının arxasınca getmədi. İnşallah, bir azdan bu əlifbanın qiyməti bilinəcək.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində xəttatlıq dərsi vermişəm. Məsələn, şərqşünaslıqda urdular, ərəblər və farslar qrupları vardı. Tələbələrim sinifdən çıxmırlar, lövhə dolu olurdu. Əsas xətləri öyrədirdim. Çünki şərqşünas onların hamısını bilməlidir. Onlar əgər əl yazısını bilməsələr, şərqşünas ola bilməzlər. Hazırda ancaq İncəsənət Gimnaziyasında xəttatlıq dərsi deyirəm. Dərslərimə başqa ixtisasdan bu sahəyə marağı olanlar da qatılır. Vaxtilə biz də Xudu Məmmədovun dərslərinə elə qatılırdıq.
- Hansı əlifbalarda xəttatlıq sənəti daha gözəl, hansında daha asan alınır? Həmçinin xəttatlıqla bağlı ən çox hansı dilləri bilmək vacibdir, ya belə bir tələb yoxdur?
- İstənilən əlifbada nəsə etmək olur. Amma bunların içərisində ən gözəl sənəti ortaya çıxaran ərəb əlifbasıdır. Bəzən söz yazmaq istəyirsən, görürsən ki, latın əlifbasıyla onu etmək qeyri-mümkündür. Amma ərəb əlifbası ilə çox rahatdır. Dünyada çıxan bütün xətt nümunələrindən istifadə edərək əsərlər yaratmışam.
Mənim dillərə çox marağım olub. Ona görə də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən ərəb və fars dilləri kurslarını bitirmişəm. Hərəsinə iki il vaxt xərclədim və mükəmməl öyrəndim. Bu dillərə yiyələndikdən sonra hədəfim diplomatik sahəyə keçmək idi. Özümdə o potensialı görürdüm. Uşaqlıqdan oxuduğum ədəbiyyat da məni buna sövq edirdi. Amma bacardığımı xəttatlıqda nümayiş etdirməli oldum. Sözüm odur ki, ərəb-fars dillərini bilmək bu sahədə önəmlidir. Elə yazılar da var ki, orada nəsx, süls kimi bir neçə xətt nümunəsi olur. Dili və əlifbanı səlis biləndə onlardan rahatlıqla istifadə edə bilirsən.
Ustad xəttatların ərəbcə belə bir deyimi var ki, xətt yazıda gizlidir, onu gözəl yazmaq üçün çox məşq etməlisən, ömrünün uzun olması üçün isə mütləq İslama müraciət etməlisən. Sənət baxımından dünyaya ən çox sənətkarları Azərbaycan verib. Məsələn, o vaxt dahi Sabir deyirdi:
Neyliyim, ey vay! Bu urus başlılar,
Bilməyirəm hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ, hər işə çulğaşdılar,
Qoymayın, ay köhnələr, ay yaşlılar!
Heyvərələr hər yerə dırmaşdılar!
Görün, bu misralar günümüzlə necə səsləşir, Sabir isə bunu nə vaxt, hansı tərzdə deyib? Biz öz dəyərlərimizə sahib çıxmalıyıq!
- Texnologiya əsrində yaşayırıq və artıq normal yazını xəttatlıq nümunəsinə (şriftinə) çevirən proqramlar var. Süni intellektlə belə mübarizədən, fikrinizcə, necə qalib çıxmaq olar?
- Mübarizəyə ehtiyac yoxdur. Sən kompüterdən qulağında hansısa detalın əks olunduğu qız çəkməsini istəyə bilməzsən. Alim Qasımov məndən adının yazıldığı möhür istəmişdi. Onu hazırlamışam. Kompüter bunu necə edə bilər?
Bir gün xəttat gəlir gəmiyə minir. Gəmiçi ondan yolpulu istəyir. Xəttat da üstündə pul götürmədiyini və saray xəttatı olduğunu deyir. Xəttatlar da çox təmiz və səliqəli olurlar. Gəmiçi baxır ki, baxımlı adamdır, içəri keçməyinə icazə verir. Xəttat da götürür onun üçün bir “vav” hərfi yazır və gəmiçidən onu xətdən başı çıxan adama göstərməyini istəyir. Bir gün limana çıxanda onu başqa bir xəttata göstərir, xəttat da dərhal bilir ki, bu, saray xəttatı filankəsin əl işidir. Gəmiçi qiymətini öyrənmək istəyəndə xəttat onun dəyərinin misilsiz olduğunu bildirir. Gəmiçi də sevincək çərçivələdib evindən asır. Yəni xəttatlıq bu qədər dəyərli peşədir və biz onu təbliğ etməliyik.
- Belə anladım ki, sifariş qəbul edirsiniz, tələb hansı səviyyədədir?
- Bəli, sifarişlər qəbul edirəm və xüsusi sifariş verənlər də olur. Tələb normaldır.
- Sərgiləriniz barədə də danışmağınızı istəyərdik. Hansı ölkələrdə sərgiləriniz baş tutub?
- Əvvəllər hər il sərgilərə, müsabiqələrə qatılırdım, indi azaltmışam, xəttatlığa elmi iş kimi baxıram. Özüm şrift icad etmişəm. Məqsədim odur ki, ateist kommunistlərin vaxtında sovet Azərbaycanında əlimizdən alınmış sahəni inkişaf etdirək, boşluğu dolduraq. İnanıram ki, qabiliyyətli adamlar çıxacaq və bu sənəti davam etdirəcək. Mən elə bir şey istəyirdim ki, o, ancaq məndə olsun. Hazırda sözü kağıza elə yazıram ki, əksinə çevirəndə də eyni sözü oxuya bilirsən. Bunun ayrıca hesabatını verməyi düşünürəm.
O vaxt işlərimlə əlaqədar Səddam Hüseyn məni İraqa dəvət etmişdi. Ora getmək üçün orijinal formada onun adını yazdım və getmədən əvvəl səfirə verdim ki, hədiyyə kimi göndərirəm, viza alanda özüm də gedəcəyəm. Əsər Səddam Hüseynə çatmışdı və o, baxıb hədiyyə olaraq mənə oradan qızıl saat göndərmişdi. O saat İsveçrədə Səddam Hüseynin şəxsi qonaqları üçün xüsusi hazırlanmışdı. Üstündən bir müddət keçdi, amerikalılar aləmi qatdılar, gedə bilmədim. Ora gedib-gələnlər deyirdilər ki, Səddam Hüseyn İraqı çiçəkləndirib. Amma Qərbin təbliğatları nəticəsində vəziyyət belə oldu.
- Yavər müəllim, xəttatlıq nümunələrini daha çox məscidlərin, qədim tikililərin divarlarında (həm boya ilə çəkilmiş, həm də daşa oyma üsulu ilə işlənmiş) görürük. Sizin də bu qədər uğurlu fəaliyyətiniz olub. Hansısa məscidin tikintisi və ya tarixi abidənin restavrasiyası zamanı sizin xidmətlərinizə ehtiyac duyulubmu?
- Bəli, Saray qəsəbəsində Şahlıq Çələbinin türbəsini tikiblər. Onun bütün divarlarının yazısı mənə məxsusdur. Bizimkilərin çoxu gedib xəttatı İrandan gətirirlər, normaldır, amma bu işlə bizdə də məşğul olanlar var.
Daha çox foto burada: PhotoStock.az
Sayad Həsənli
Rəylər