Qapını açıb içəri girəndə özümü detektiv romanın içinə düşmüş kimi hiss edirəm. Əsrarəngiz cinayətlərdən bəhs edən əsərlər, filmlər sürətlə yaddaşımda sıralanır. Ancaq burada hər şey realdır... Bu reallığın öz “Şerlok Holms”ları, “Doktor Vatson”ları var.
Burada hər şey bütün çılpaqlığı ilə ortaya çıxarılır...
Oxu.Az-ın əməkdaşı bu dəfə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində olub.
Otağın girişində ayaq izləri, kriminalistik ballistika və tibbi kriminalistikaya aid nümunələr asılıb.
Kriminalistika şöbəsinin böyük prokuror-metodisti Ayaz Qayıbov bizə avadanlıqlar barədə məlumat verir.
O, ilk olaraq 500 metr yüksəkliyə qalxan və səkkiz kilometr boyunca ərazini müşahidə edərək, foto və video çəkilişi aparmaq qabiliyyətinə malik dron barədə danışır:
“Sözügedən dronun çəkilişlərindən Vətən müharibəsində geniş şəkildə istifadə edilib. Belə ki, Ermənistan tərəfindən bizə dəymiş ziyanın hesablanması, istintaq hərəkətlərinin aparılması, dağıdılmış obyektlərə baxış keçirilməsi həmin dron vasitəsilə həyata keçirilib.
Eyni zamanda, sualtı dron ilə dərinlikdə foto və video çəkilir. Dronun sürətli hərəkət etməsi üçün o, beş mühərriklə təchiz olunub. İki diod işığı var ki, suyun altında olan qaranlıq sahələri işıqlandırır. Sualtı dronun hansı dərinliyə enməsi kabelin uzunluğundan asılıdır”.
Otaqda geoloji radar da yer alıb. Həmin xüsusi aparatla yerin altında olan boşluqlar müəyyən edilir.
A.Qayıbov bildirib ki, istintaq üçün əhəmiyyət kəsb edən əşya və ya meyitin dərinlikdə gizlədilməsi geoloji radarla aşkarlanır:
“Bu radar vasitəsilə boşluqlar aşkarlanır. Biz həmin səslə orada nəyinsə olduğunu müəyyən edirik. Daha sonra qazıntı aparılır və meyit, əşya çıxarılır. Bu radara ehtiyac olan zaman bizə məlumat verilir. Əməkdaş əraziyə ezam edilir və proses başlayır”.
Qeyd edək ki, o həm də zəlzələ vaxtı dağıntı altında qalan əşyaların tapılması üçün bir vasitədir.
Otaqda istintaq üçün şübhəli şəxsin, şahidin mobil telefonundakı məlumata baxmaq üçün də avadanlıqlar var. Xüsusi cihazla telefonun parolu sındırılır, məlumatlar hesabat formasında hazırlanır və əməkdaşa təhvil verilir. Buradakı xüsusi məhlullar, vasitələrlə hadisə yerindən ayaq izlərini götürmək olur.
Həmsöhbətim qeyd edib ki, sözügedən texnikalar Baş Prokurorluğun dislokasiya üzrə bölgələrinə bölünüb:
“Biz avadanlıqlar üçün Bakı, Sumqayıt, Şəki, Lənkəran və Gəncə şəhərlərini seçmişik. Çalışdıq ki, mərkəzi rayonlar seçək və gediş-gəlişdə problem olmasın”.
Əllə daxil ola bilinməyən, gözlə görünməyən hadisə yerlərini çəkmək üçün də aparat var. Məsələn, evin qapısının açar yerinə bu aparat daxil olunur və onunla içərini çəkmək olur.
Eyni zamanda, əl, barmaq izləri götürmək üçün də avadanlıq var. Əsasən, təqsirləndirilən şəxslərdən götürülür və bazaya qoyulur. Sabah uyğunluq olanda tapılsın...
A.Qayıbov əlavə edib ki, gec də olsa, cinayət əməlini törədən şəxslər müəyyən edilirlər:
“Bu, hadisə yerinə baxışın keyfiyyətindən asılıdır. Təbii ki, müstəntiq hadisə yerinə gedəndə silinən iz olsa, onu görməyəcək. Amma avadanlıq olanda silinən izlər də aşkarlanır”.
Əməkdaşlar xüsusi cinayət hadisəsi baş verən yerə Almaniyada yığılmış xüsusi maşınlarla gedirlər. Hər dislokasiyada həmin maşından var.
Maşında cinayət işini açmaq üçün generator, kriminalistik çantalar, meyit kisələri, əlcəklər, çadır və qan nümunəsi götürmək üçün şprislər var. Cinayət işi çamadanında fənərlər var ki, silinmiş izləri bənövşəyi fənərlər vasitəsilə aşkar etmək olur. Xüsusi eynəklər vasitəsilə silinən izləri görə bilirlər.
Sözügedən avtomobildə minisoyuducu da var. O, hadisə yerindən götürülən nümunələrin tez bir zamanda xüsusi şəraitdə, soyuq temperaturda saxlanması və dərhal ekspertizaya təyin edilməsi üçündür.
Şöbənin əməkdaşının sözlərinə görə, Bakıda ən çox kriminal hadisələrin hansı rayonda olduğunu dəqiq demək olmur:
“Məsələn, bir ay Sabunçu, digər ay Yasamal rayonunda kriminal hadisələr qeydə alınır. Bir ailədə cinayət olan zaman müstəntiqlər həmin ailənin münaqişəli olması barədə daxili işlər orqanlarına təqdimat yazırlar və nəzarətə götürülməsini bildirirlər. Biz hər zaman çalışırıq ki, cinayətlərin qarşısı alınsın”.
Müstəntiq hadisə yerinə çıxan zaman kriminalistika şöbəsinin əməkdaşı ilə gedir. Orada izlərin götürülməsi ilkin istintaq hərəkətlərinə köməklik edir. Ekspertizanın təyin olunması zamanı, istintaqın sonrakı dövrlərində də texniki avadanlıqlara ehtiyac olursa, əməkdaşlar müstəntiqlərə kömək edə bilərlər.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər