Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təhlükə saçan relslər arasında ümid qığılcımları, ağrı dolu həyatlar - REPORTAJ + FOTO
Relslər arasında həyat... İsti yurd-yuvasından didərgin düşənlərin həyatlarındakı növbəti, uzunmüddətli, ağrı-acı dolu dayanacaq... Torpaqları işğal edilən zaman öz ata-baba torpaqlarından məhrum olan insanlar paytaxta üz tutublar. Pənah yerləri isə dəmiryol xətlərinin arası olub.
Belə yaşayış məskənlərindən biri Bakıda, Biləcəri deposunun ətrafında yerləşir. 30 ildir ki, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonlardan məcburi köçkün düşmüş insanların bir qismi bilavasitə deponun ərazisində, dəmiryol relslərinin arasında taxta evlərə sığınıb.
2020-ci ildə 44 günlük mübarizədən sonra igid oğullarımız düşmən üzərində qələbə çaldılar. 30 il işğal altında qalan torpaqlarımız azad olundu. Sakinlərin doğma ata-baba yurdlarına qayıdıb təhlükəsiz şəraitdə yaşamaları üçün orada hazırda quruculuq işləri gedir.
Ermənistanın hərbi təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş yüzminlərlə insanın ötən illər ərzində yaşayış şəraiti qismən normallaşıb. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin bir hissəsi hələ də Bakıdakı (o cümlədən, başqa yerlərdə) uçuq-sökük yataqxanalarda, təhlükəli ərazilərdə tikilmiş daxmalarda yaşamaqdadır.
Oxu.Az-ın əməkdaşları məcburi köçkünlərin Biləcəri qəsəbəsində sığındıqları məhəlləyə baş çəkiblər.
Diqqətimizi ilk çəkən evlərin daşlarının uçmasıdır. Küçədə səssizlikdir. Günün günorta çağı olmasına baxmayaraq, sanki hər kəs yuxudadır. Binaya daxil oluruq. Qapıları döymək istədikdə bir qadın düşür. O, eyvandan bizim gəldiyimizi görübmüş. Acıqlı baxışları var. Bizimlə danışmaq istəmir. Çünki onu başa düşməyəcəyimizi zənn edir. Lakin bir qədər sonra sözə başlayır:
“Zəngilandan qaçqın düşəndən sonra, 1993-cü ildən burada yaşayırıq. O gün divarın yuxarı hissəsi uçdu. Daşlar qonşunun evinin üstünə töküldü. Şiferin üstü daşla doludur. Yaxşı ki, xəsarət alan olmadı. Biz 1993-cü ildən bu vəziyyətdəyik. Hər şey başımıza tökülür. Təhlükə içində yaşayırıq. Bu binada doqquz ailə yaşayır. Biz özümüz beş nəfər bir otaqda yaşayırıq. Buraya nə qədər adam gəlib. Heç kəsin də köməyi olmayıb. Nəsə yardım edəcəklərinə inanmıram”.
Qadın sözünü yarıda kəsir. Digər tərəfə gedir. Danışmağın bir mənasının olmadığını bildirir. Biz də bundan sonra mərtəbələri qalxırıq. Qapılardan birini döyürük, açmırlar. Deyilənə görə, bu “mənzil”də doqquz nəfər yaşayır. Evdə olsalar da, qapını açmırlar. Mərtəbədəki sonuncu qapıya yaxınlaşırıq. Bir xanım oğlu ilə bərabər qapını açır.
19 il relslər arasında yaşayan qadın binanın təhlükə saçdığını bildirir:
“Yoldaşımgil qaçqın düşəndən buraya pənah gətiriblər. Bu ərazidə ümumilikdə 40 ev var. Binada doqquz ailə yaşayır. Çox təhlükəlidir. Uşaqları bu səbəbdən məktəbə özüm aparıb-gətirirəm. Bir dəfə qonşunu qatar vurmuşdu. Kişi illərlə yataq xəstəsi oldu. 2010-cu ildə mənim üç yaşlı qızım eyvandan düşərək dünyasını dəyişdi. Qorxu içində yaşayırıq”.
Qadın yağış-qar yağanda evlərinin su içində qaldığını deyir:
“Mən özüm Füzuli rayonundanam. Yoldaşım isə Cəbrayıldandır. Bu mənzildə dörd nəfər yaşayırıq. Vaqon keçəndə evlərimiz silkələnir. Soyuq havalarda çətin olur. Qaz yoxdur. Şərait yox səviyyəsindədir. Buranı da özümüz tikmişik. Nə qədər düzəltməyə çalışsaq da, heç bir xeyri yoxdur. Ev taxtadandır deyə uçur. İstəyərdim, evin damını təmir etməkdə kömək olsunlar. Qatara görə qaz xətti çəkməyə icazə vermirlər. Ən azı, doğma yurdumuza köçürülənə qədər yaşaya bilməyimizə kömək etsinlər. Şəraitsizlikdən xəstəlik tapırıq.
Biz, əslində, 2020-ci ilin noyabr ayında köçürüləcəkdik. Sentyabrın 27-də müharibə başladığı üçün dayandırıldı. Qarabağa köçürüləcəyimiz bildirilib. Ümidlə gözləyirik”.
Həyətə düşürük. Yaşlı kişinin həyətdə əyləşdiyini görürük. Yaxınlaşıb, söhbətə başlayırıq.
62 yaşlı Sahib kişi qışda acınacaqlı şəraitdə yaşadıqlarını qeyd edir:
“Zəngilan işğal olunandan sonra, 1993-cü ildən burada yaşayıram. Yaşayış çətindir. Qaz yoxdur. İstiliyi bir tək elektriklə təmin edirik. O da çox zəifdir. Zülmlə yaşayırıq. Bir otağa beş nəfər sığınıb. Sonradan oğlum evləndiyi üçün ikinci otağı tikdik. Əvvəllər camaat vaqonda yaşayırdı. Sonra köçdülər. Soyuq vaxtlarda, qışda körpə uşaqla çətindir. Xəstəlik baş alıb, gedir. Təhlükə içində yaşayırıq.
Mənim 62 yaşım var. Neçə il yaşayacağımı bilmirəm. Bu yaşda şəraitsizlikdən nə edim? Qışda vəziyyət acınacaqlı olur. İndi yazdır, istidir. Ümidlə yaşayırıq. Ümidimizi itirmirik”.
Sahib kişi ilə söhbəti bitirdikdən sonra digər bir evə üz tuturuq. Həyətdə bir qadın işləyir. Yaşlı bir kişi isə mürgüləyib. Qadın danışmaqdan çəkinir.
Relslər arasında yaşayan sakin ailədə yeddi nəfər olduqlarını deyir:
“Zəngilan işğal olunandan sonra buranı yuva bildik. 30 ildir ki, buradayıq. Bir evdə yeddi nəfər yaşayırıq. Köçürülmə dayandırılıb. Zəngilana qayıdacağımızı gözləyirik”.
Digər bir evə yön alırıq. İçəridən bir neçə qadın çıxır. Onlar da şəraitsizlikdən gileylənirlər.
Qadınların sözlərinə görə, qışda qaz, yayda su problemi ilə üzləşirlər:
“Qorxu hissi ilə yaşayırıq. Hər yerə şikayət edirik. Baxan yoxdur. Köçürülmə dayanıb. Kimin imkanı var, ev tikib. Lakin burada yaşayanların əksəriyyəti çətin vəziyyətdədir. Uşaqları yorğana büküb saxlayırıq. Taxta və dəmirlər arasında yaşayırıq. Qışda soyuqdan donuruq. Yayda da içməyə bir qaşıq su tapmırıq. Yüzə dözən yüz birə də dözər. Hələ də gözləyirik. Uşaqlarımızı bu şəraitdə boya-başa çatdırırıq”.
Qadınlar yan evdə bir qadının iki xəstə uşaqla acınacaqlı vəziyyətdə yaşadığını bildirirlər. Həmin evə doğru yön alırıq. Dəhşətli mənzərə ilə qarşılaşırıq. Daxil olduğumuz evi ev saymaq mümkün deyil.
İki qızı ilə acınacaqlı vəziyyətdə yaşayan Arzu Həsənova heç bir yerdə işləmir:
“Bu dar evdə üç nəfər yaşayırıq. Şəraitimiz yoxdur. Vaxtında duş da qəbul edə bilmirik. Gözləyirik ki, havalar isinsin”.
Arzu Həsənovanın iki xəstə qızı ilə yaşadığı evdə heç sanitar qovşağı da yoxdur.
O, qızlarına dərman almaqda çətinlik çəkdiyini söyləyir:
“Zəngilan rayonundanam. Ailə həyatı qurdum. Daha sonra boşandım. İki xəstə qızımla buraya pənah gətirdik... Bir qızım anadangəlmə xəstədir, əqli inkişafdan geri qalıb. Onun 21 yaşı var. Digərinin isə 19.
İşləmirəm. Bu uşağa baxdığıma görə 100 manat verirlər. Bir də onun 470 manat pensiyası ilə dolanırıq. Dərmanlarını almaqda bəzən çətinlik çəkirəm. Lakin ümidlə yaşayıram”.
Onkoloji xəstəlikdən əziyyət çəkən Maya Baxşəliyeva rütubətdən xəstəlik tapdığını qeyd edib:
“Bir otaqda dörd nəfər yaşayırıq. Zülm çəkirik. Taxtaların arasında yaşamaqdan xəstəlik tapmışıq. Müalicəmi edə bilmirəm”.
85 yaşlı nənə isə öz doğma yurd-yuvasına qayıdacağı günü görmək istədiyini bildirir:
“Gözüm görmür, ayaqlarım artıq sözümə baxmır. Qəhrəman ana olmuşam. 10 övladımı bu evdə boya-başa çatdırmışam. İndi tək yaşayıram. Səkkiz ildir yoldaşım dünyasını dəyişib.
30 ildir ki, Zəngilandan bura pənah gətirmişik. Hər şey yadımdadır. Necə qaçqın düşdüyümüzü xatırlayıram. Mal-mülkümüz qaldı. Daşı daş üstə qoymayıblar. Şükür ki, azad olundu. Torpaqlarımıza qayıtmaq istəyirəm. Gözümü doğma yurdumda yummaq qismət olsun. Bu şəraitdə 85 yaşa gəldiyimə şükür edirəm”.
Onların hər birinin gözündə bir işıq var - ümid işığı... Güman edirik ki, yurdlarına qayıtmaq, normal həyat yaşamaqla bağlı ümidləri gerçəkləşər, başqa arzulara doğru irəliləyərlər.
Qeyd: Bəzi şəxslər yazıda adlarının anonim saxlanılmasını istədilər. Biz də onların istəyini nəzərə alaraq ad çəkmədik.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
Rəylər