“Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
O, həmin yeniliklərin aşağıdakılardan ibarət olduğunu açıqlayıb:
“Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) https://baku.edu.gov.az/az/page/333/7169 linkinə daxil olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.
Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində “Azərişıq” ASC-nin abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Məskunlaşma sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.
Bundan başqa, Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda, üstünlük hüququ əsasında, yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədə uğur qazandığı halda, valideynin digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək”.
Rəylər