"Bizim üçün çox vacib qələbə idi".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Borussiya Dortmund" klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində "Sabah"la keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, komandası bu gün çox yaxşı çıxış edib:
"Bu gün güclü komandaya qarşı oynadıq. Rəqib xüsusilə öz meydanında daha yaxşı çıxış edir. Biz hücumda yaxşı oynadıq və qol imkanlarımızdan yararlandıq. Komandamın çıxışından razı qaldım. Ardıcıl üçüncü dəfə səfər matçına çıxırdıq. Buna baxmayaraq, istədiyimiz nəticəni qazandıq. Müdafiədə də yaxşı oynayaraq rəqibə çoxsaylı qol imkanları vermədik.
Bu oyunda daha çox hücum etməyə çalışırdıq. Matçdan əvvəl müəyyənləşdirdiyimiz tapşırıqları dəqiq yerinə yetirdik. Standart vəziyyətlərin qarşısını almaq üçün xüsusi hazırlaşırıq. Lakin bu dəfə də rəqib bizi məhz standart vəziyyətdən cəzalandırdı", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Almaniya təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.