Skandinaviya bölgəsinə çoxdan səfər etmək arzusunda olan biri kimi təəssüratlarımı bölüşmək istəyirəm. “Neftçi” klubu avqustun 12-də UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Finlandiyanın paytaxtı Helsinkidə HİK komandası ilə qarşılaşmalı idi. Klubun dəvəti ilə Oxu.Az-ın əməkdaşı kimi mən də həmin səfərdə yer alırdım. Beləliklə, 10 jurnalist və bir PFL rəsmisinin iştirakı ilə səfər ayın 11-i səhər saat 11-dən başlandı.
Çarter reysi bizi təxminən 5 saata Finlandiyanın paytaxtı Helsinkinin hava limanına çatdırdı. Oradan da klubun ayırdığı nəqliyyat vasitəsilə aeroportdan təxminən 20 dəqiqəlik məsafədə yerləşən “Artur” hotelinə yerləşdik. Hotelimiz şəhərin göbəyində yerləşdiyindən, mərkəzi küçələri görmək baxımından nəqliyyatdan istifadə etməyə ehtiyac qalmırdı.
:640.jpeg)
İlk gün Helsinkidə oyunun keçiriləcəyi stadionda saat 6-da mətbuat konfransı olmalıydı. Günorta yeməyindən və kiçik şəhər gəzintisindən sonra üz tutduq mərkəzdən aralıda yerləşən “Bolt Arena”ya. Hələ Bakıda olarkən media işçisi kimi qeydiyyatdan keçmiş və finlərdən mənə gələn məktubda pandemiya səbəbindən mətbuat konfransı keçirilməyəcəyi göstərilmişdi. Stadiona girəndə finlər sözlərinə sadiq olduqlarını bizə ilk cəhddə göstərə bildi. Bizə stadiona media buraxılmayacağı, yalnız komandaya məşqə icazə veriləcəyi bildirildi (avqustun 10-da – səfərdən bir gün əvvəl media akkreditasiyamızın ləğv olunduğu, stadiona yalnız klubun 55 personalının buraxılacağı barədə mənə HİK-dən məktub gəlmişdi – S.M.).
Ancaq uzun çək-çevirdən sonra stadion işçilərini razı salmaq mümkün oldu. Belə ki, onları “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev və tərcüməçi Vüqar Əliyev 10 jurnalistin Bakıdan bura azarkeş kimi yox, mətbuat konfransında sual vermək üçün gəldiyinə inandıra bildi.
:640.jpeg)
Ən dəhşətlisi isə HİK-in (əslində yaradılma tarixi 1907-ci ilə gedib çıxan klubu abreviatur kimi “HaYеKа”, tam olaraq isə “Helsinqin YalkapalloKlubi” kimi çağırırlar – S.M.) stadionuna daxil olduqdan sonra baş verənlər idi. “Ayrıca otaq təşkil etməyəcəyik, mətbuat konfransı keçirmək istəyirsizsə, buyurun açıq havada keçirin” cümləsi bizdə heyrət doğururdu. Yəni, doğrudanmı bu klubun mətbuat konfransı otağı olmadığı adamda sual doğurarkən, “bunun üçün ayrıca otağımız var, amma pandemiya şəraitindən biz mətbuat konfranslarını qapalı şəraitdə yox, açıq havada keçiririk” cümləsi ilə rastlaşdıq.

Düzdür, həmin gün mən də daxil olmaqla bir çoxlarımız bunu HİK-in “Neftçi”yə qarşı psixoloji təsiri kimi dəyərləndirdi. Necə ola bilər ki, Bakıda HİK üçün hər cür şərait yaradılsın, ancaq bizə qarşı belə hörmətsizlik edilsin?! Oyundan sonra yerli jurnalistlərdən biri ilə qısa söhbətimdə “Neftçi”dən əvvəlki rəqib olan İsveçin “Malmö” klubu ilə Çempionlar Liqası və çempionat oyunlarından sonra da baş məşqçi və futbolçuların açıq havada fikirlərini bildirdiyini öyrənincə hər şey mənə aydın oldu. Doğrudan da, oyundan sonra HİK-in baş məşqçisi Toni Koskela və futbolçular yerli jurnalistlər və yerli telekanal üçün stadionun fərqli sektorlarından müsahibə verdi. Deməli, bizim təəccübümüzün oxşarını növbəti mərhələdə “Fənərbağça” ilə gələn türk jurnalistlər də yaşayacaqdı.

Mətbuat konfransına gəlincə, tamaşaçıların pivə içdiyi, üzərində “Carlsberg” yazılmış iki stolu birləşdirib, tədbir keçirdik. Bu, bizim və “Neftçi”nin tarixində ən qeyri-adi mətbuat konfransı kimi tarixə düşdü.
Səhəri günü oyuna gəlməzdən əvvəl isə bizə “Neftçi”dən deyildi ki, mətbuat lojasına buraxılmayacağıq və bizə akkreditasiya verilməyəcək. Yalnız HİK bizə azarkeş bileti təqdim edəcək və sıravi tamaşaçıların yanında oturacağıq. Başqa yolumuz yox idi, bilet və COVID testinin nəticəsini göstərib içəri daxil olmalıydıq.

Oyundan bir gün əvvəl stadiona 50-yə yaxın Finlandiyada yaşayan soydaşlarımızın və İsveçdəki səfirimiz Zaur Əhmədovun gələcəyini Oxu.Az olaraq ictimaiyyətə çatdırmışdıq. Oyun günü xəbər təsdiqini tapdı. Səfir və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən biletləri alınmış həmyerlilərimiz Azərbaycan bayraqları ilə stadionun önündə toplaşdılar. Lakin artıq ilk dəqiqələrdə onlara izah olundu ki, qonaq komanda azarkeşlərinin buraxılmasına pandemiya səbəbindən UEFA tərəfindən icazə verilmir. Bu səbəbdən də onların Azərbaycan bayraqları ilə içəri daxil olunması qadağan edildi, ancaq Finlandiya sakinləri olduğundan, içəri buraxılmalarının problem olmayacağı vurğulandı.

Lakin biz əksini gördük. Skandinaviya azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın rəhbərliyi ilə gələn həmin azarkeşlərin sektora buraxılmasına maneə yaradıldı. İzah olundu ki, guya təhlükəsizliyi təmin etmək çətin olacaq deyə, bu yerdə oturmağa icazə verilməyəcək. Hətta “Neftçi”nin prezidenti Kamran Quliyev də təhlükəsizlik işçiləri ilə söhbətə qoşulmalı oldu. Ancaq bu da bir fayda vermədi. Lakin ən sonda azarkeşlərimiz lap yuxarı sektora göndərilməklə istəklərinə çatdılar. Yeri gəlmişkən, arenada qonşu Estoniyadan gəlmiş, bileti özləri almış altı azərbaycanlı da vardı ki, onlar rahat istədikləri sektordan oyuna baxa bildilər.

Biz isə media olaraq oyuna başımızın üzərində pivə içən fin azarkeşlərin arasından baxmaq məcburiyyətində qaldıq... Ümumiyyətlə, 1999-2000-ci illərdə tikilmiş, dörd dəfə adı dəyişdirilmiş, ötən ilin əvvəlindən “Bolt Arena” adlandırılan bu stadion Finlandiya millisinin ev oyunlarını keçirdiyi Helsinki Olimpiya Stadionuna yaxın yerləşir. Olimpiya Stadionundan fərqli olaraq, süni örtüklüdür və təxminən 10 min tamaşaçı tutur. Klub stadionu həm də bir pab, bar kimi işlədir. Samir Abbasovun bizim mətbuat üçün dirsəklənib müsahibə verdiyi masaların üzərində azarkeşlər məhz pivə içirlər və oyuna baxırlar. Yəni həmin azarkeşlərin tribunada oturması vacib deyil. Sonadək oyuna pivə içə-içə masa ətrafından baxmaları mümkündür. Sanki hansısa çayxanada oturub televizorda futbola baxdığımız mənzərəni xatırladır..
Helsinkidə oyuna marağın az olduğunu heç bir yerdə bu matçla bağlı afişanın olmaması ilə əlaqələndirmək olardı. Lakin bizimlə üzbəüz və qapı arxası sektorlar matçın başladığı vaxta kimi, demək olar ki, tam doldu. Finlər şimallılara xas soyuq millət kimi təcəssüm oluna bilər, amma bizdən sağ qapı arxasında olan azarkeşlər ultraslar idi. Onlar oyun boyu və matçdan sonra komandalarına fantastik dəstək verdilər. Adətən belə dəstəyə Polşa, Türkiyə, Yunanıstan və ya Almaniya klublarının oyunlarında rast gəlmək mümkün olur.

Sonda oyun haqda da qeyd etməliyəm. Yüngül yağmurla başlayan oyun ilk dəqiqələrdən “Neftçi”nin hücum problemindən xəbər verdi. Sanki oyundan öncə çıxan göy qurşağı belə ağ-qara yox, rəngli komandanın qələbəsinə işarə vururdu. Mirabdulla Abbasovla nəsə etməyin mümkünsüzlüyünü finlər də görürdü. Daha dinamik və daha kollektiv oyun göstərən meydan sahibləri ikinci hissədə ərazi üstünlüyünə yiyələnib flaqmana üç qol vurdu. Yeganə hücumçusu Namiq Ələsgərovu da “Bursaspor”a buraxmağa yaxın olan “Neftçi”nin səviyyəli forvard olmadan növbəti rəqibi Təl-Əviv “Makkabi”sinə qarşı oynaya bilməyəcəyi dəqiqdir. Artıq Avropa Konfrans Liqası Azərbaycan çempionu üçün son şansdır. Hücum xətti gücləndirilməli, yarımmüdafiəçilərin üzərinə düşən yük azaldılmalıdır. Əks halda, “Neftçi” bu turnirlə də vidalaşıb, gözünü Azərbaycan çempionatına dikməli olacaq.
Növbəti yazıda sizinlə Helsinki şəhəri haqda təəssüratlarımı bölüşməyə çalışacağam...
:640.jpeg)
:640.jpeg)
:640.jpeg)

:640.jpeg)
:640.jpeg)

Səbuhi Musayev, Helsinki