Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda koronavirusa görə hazırlanan hotelçilik sənədində boşluqlar var - AÇIQLAMA
“Hotellər karantindən sonra qonaqların qəbuluna və yerləşdirilməsinə xüsusi diqqət ayıracaq”.
Bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ili “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı” mövzusunda onlayn müzakirə zamanı bildirilib.
Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu qeyd edib.
Eyni zamanda, hotel nömrələrindən istifadə edən müştəri hoteldən çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq, yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib, yeni müştərilərin istifadəsinə veriləcək.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un profilaktikasına dair metodiki göstərişlər hazırlayıb:
“Dövlət Turizm Agentliyi tərəfindən turizm və hotelçilik sektorunda koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər dərc olunub. Orada ictimai iaşə müəssisələri və turizm nəqliyyatı üçün göstərişlər var. Assosiasiya tərəfindən mütəmadi olaraq hotellərə, ictimai obyektlərə tövsiyələr verilir.
AQTA ilə birlikdə onlayn konfrans keçirdik. Konfransda Bakı şəhəri və regionlarda fəaliyyət göstərən 60 ictimai iaşə müəssisələrinin nümayəndələri iştirak edib”.
S.Dübəndi hazırlanan göstərişin çatışmazlıqlarından da danışıb. O qeyd edib ki, sənəddə bəzi boşluqlar var:
“Turagentliklər üçün metodiki göstərişlər yox idi. Bu, çox təəccüblüdür. Çünki onlar ofisdə müştəri qəbul edir və ünsiyyətdə olurlar. Bir çox hotellərdə fitnes mərkəzləri, hovuzlar var. Onlara dair metodiki göstəriş lazım idi.
Hotel daxilində çamaşırxanaların işinə də səthi toxunulub. Görünür, sənədin tərtib olunmasında hotelçilikdən anlayışı olmayanlar iştirak edib. Dövlət Turizm Agentliyinin bu istiqamətdə mütəxəssisləri yoxdursa, həqiqi Assosiasiyalara, o cümlədən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasına müraciət edə bilər”.
“Sənəddə hotel nömrələrindən istifadə edən müştəri oradan çıxış etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəsin buraxılmayacağı ilə bağlı göstəriş yoxdur. Məncə, əhəmiyyətsiz qərar olar. Vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək.
Koronavirus xəstəsi otaqdan çıxarıldıqdan sonra 48 saat o otağı saxlamağa ehtiyac yoxdur. Dezinfeksiya işləri aparıb, havalandırma etdikdən sonra otağı yenidən satışa çıxarmaq olar”, - deyə ekspert qeyd edib.
İdarə Heyətinin sədri əlavə edib ki, hotellərdə və iaşə obyektlərində çalışan işçilərin hər üç saatdan bir əlcək və qoruyucu maskaların dəyişdirilməsi qaydası sahibkarlarda narazılıq yaradıb:
“Obyektin nə qədər çox işçisi varsa, hər üç saatdan bir əlcək dəyişdirilən zaman xərclər artır. Metodiki göstərişlərin icbari olub-olmaması Nazirlər Kabinetinin qərarından sonra bilinər. Hazırda bu metodiki göstərişlər tövsiyə xarakteri daşıyır.
Bu sənəd də gigiyena sahəsində mövcud olan qanunvericiliyə, standartlara, qida təhlükəsizliyi sahəsində olan normaya uyğun hazırlanıb. Bunu yeni qayda kimi qəbul etmək də düz deyil”.
Hotellərdə daha bir yenilik isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum iki metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır.
Sözügedən sənədlə buradan tanış ola bilərsiniz.
İlhamə Əbülfət
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
Rəylər