İyulun 24-dən 29-dək Azərbaycanın gözəl-dilbər guşələrindən olan, eyni zamanda 2016-ci ili Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində, Hacıkənd ərazisində “Ekoloji turizmin inkişafında gənclərin iştirakı” adlı layihə baş tutub.
Layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Layihənin açılışında “Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı çıxış edərək layihə haqqında fikirlərini və gənclərə tövsiyələrini bildirib.
Layihənin əsas məqsədi gənclər arasında ekoloji turizmin təbliği və ekoloji maarifləndirməni genişləndirməkdir. Düşərgənin əsas mahiyyəti ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqidir.
Layihə çərçivəsində təşkil olunan düşərgədə gənclər açıq havada qurulan yaşayış çadırlarında qalaraq, ekoturizm sahəsində mütəxəssislər tərəfindən turizmin müxtəlif sahələri (xüsusilə də ekoloji turizm) üzrə nəzəri və praktiki təlimlərdə iştirak edib.
Ekodüşərgə zamanı iştirakçılara düşərgənin salınması qaydaları haqqında nəzəri və praktik məşğələlər də keçirir. Layihə çərçivəsində gənclər üçün atıcılıq, atçılıq, səmti müəyyən etmə, oxatma, iztapma, fərqli idman oyunları, ekstrimal gecələmə kimi macəralı fəaliyyətlər təşkil olunub.
Əlavə məlumat üçün:
Ülviyyə Qəhrəmanlı
“Gənclər Turizmi” İctimai Birliyinin sədri
E-mail: u.gahramanli@youthtourism.az