Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTO
Sabah 2023-cü illə sağollaşırıq. Tarixə qovuşacaq bu il maraqlı sosial-iqtisadi, eləcə də siyasi hadisələrlə yanaşı, ağır faciələrlə də yadda qalıb.
Cari ilin on bir ayı ərzində respublika ərazisində piyadavurma ilə nəticələnən 578 yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisələr nəticəsində 303 nəfər ölüb, 311 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyevin Oxu.Az-a verdiyi məlumata görə, piyadavurma faktları ümumi yol-nəqliyyat hadisələrinin 38,5 faizini təşkil edib.
Oxu.Az bu ilin ağır yol-nəqliyyat hadisələrini yada salır:
2023-cü ilin ilk günü Bakının Heydər Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi, yəqin ki, yadınızdadır. “Toyota” və “Mercedes” markalı iki minik avtomobilinin toqquşması səbəbindən beş nəfər faciəli şəkildə həlak olmuşdu.
Daha bir ağır yol-nəqliyyat hadisəsi Siyəzən rayonunda olub. Belə ki, fevral ayında sözügedən istiqamətdə “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Baş verən qəzada dörd nəfər həyatını itirib.
Novruz bayramı ərəfəsində baş verən qəza mədəniyyət cameəsini sarsıtdı. Abşeron rayonu ərazisində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində Oqtay Əliyev hadisə yerində həlak olub, avtomobildə olan sərnişinləri - Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Aprelin 5-də ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi Bakı-Salyan yolunda baş verib. Qəzada dörd nəfər həlak olub, iki nəfər xəsarət alıb. Hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.
Aprelin 30-da Bakının Sabunçu rayonunda, Balaxanı-Zabrat yolunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-2107 zərbənin təsirindən yanaraq kül olub. Nəticədə sürücü də daxil olmaqla, iki sərnişin yanaraq həlak olub.
Mayın 22-də Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli qəza baş verib. KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin həmin ərəfədə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər.
Bakının Suraxanı rayonunda mayın 29-da baş vermiş başqa bir qəzada bir ailənin üç üzvü həlak olub. Hövsan şosesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüblər.
İyunun 26-da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb. Hadisə zamanı həlak olan Xanlar Sultanov və onun həyat yoldaşı Azadə Sultanova toydan qayıdırmışlar. Azadə Sultanovanın üç yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.
Avqustun 15-də paytaxtın Heydər Əliyev prospektində 29 yaşlı bloqer Nicat Şakirlinin (“Nikosayağı”) idarəetdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin qolu amputasiya edilib. Avtomobildə olan sərnişin, Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu Ruslan Məmmədov isə həlak olub.
Bu ilin oktyabr ayında Quba-Xınalıq yolunun 3-cü kilometrliyində üç nəfərin həlak olduğu daha bir dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi VAZ-2107 və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “Infiniti” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində F.Talıbov, eləcə də sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Dekabrın 5-də Şamaxı rayonu Göylər kəndi ərazisində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisəni törədən 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə qəzaya uğrayan BMW markalı avtomobili 10 gün əvvəl alıbmış. Qəza baş verən gün avtomobili adına qeydiyyata salmaq üçün Ağsuya gedib. Ağsu rayonunda Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə gedərək avtomobili sənədləşdirib. İlkin məlumata görə, Şamaxıdakı “ASAN xidmət”ə getmək üçün Ağsunun Bico kəndindən çıxan T.Fərhadzadə nəqliyyat vasitəsini sürətlə idarəedib. Nəticədə Şamaxı yolunda, Göylər kəndi yaxınlığında sürücü idarəetməni itirib və maşın üç dəfə aşıb. Nəticədə üç nəfər həyatını itirib.
Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində Peşəkar Futbol Liqasının (PFL) altı rəsmisi ağır avtoqəzaya düşüb. “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, üç nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub. Qəzadan dərhal sonra ağır xəsarət alan altı nəfər Bakıya, xəstəxanaya gətirilib.
Yolunuz açıq olsun! 2024-cü ili qəzasız-bəlasız keçirməyiniz diləyi ilə...
Könül Cəfərli
Rəylər