Faşizm üzərində Qələbədən 69 il ötür. Qaliblərə sevinc, məğlublara kədər gətirən Qələbədən uzun illər ötməsinə baxmayaraq bütün keçmiş SSRİ ölkələrində əsl bayram kimi qeyd olunur. Böyük itkilər bahasına başa gələn 9 may Qələbəsində azərbaycanlıların da böyük rolu olub. Bu böyük şəxslərdən biri də 99 yaşlı İsmayıl İbrahimovdur.
Oxu.Az ANS PRESS-in İsmayıl İbrahimovla müsahibəsini təqdim edir:
- 9 May günü sizin üçün nə deməkdir?
- 99 yaşım var. Qələbə bayramının mənim üçün çox böyük əhəmiyyəti var. Bu yaşda bir insan üçün bu bayramın önəmindən danışmaq çox çətindir. Çox sevinirəm. İki yaşımdan yetim qalmışam. Məni anam tərbiyə edib.
Bakıda Sənaye İnstitutunu bitirib mühəndis olmuşam. Əsgərliyə getmişəm. Ali təhsilli olduğum üçün bizi Leninqrad Hərbi Rabitə Akademiyasına oxumağa aparıblar. Akademiyada 6 ay oxuduqdan sonra mənə leytenant rütbəsi verdilər.
- Qələbəyə gedən yolu necə xatırlayırsınız?
- Gənc leytenant kimi bizi SSRİ Müdafiə Nazirliyinə göndərdilər. Oradan isə birbaşa cəbhəyə... Cəbhədə mən 271-ci Diviziyanın tərkibində döyüşmüşəm. Bu diviziyanın tərkibinədə gənc leytenant kimi Krıma getdim. O zaman Krım faşistlər tərəfindən alınmışdı. Biz Kerç yarımadasını azad etməyə getmişdik. Diviziyamızın artilleriya rotası vardı.
O rotaya komandanlıq etmişəm. Bundan sonra bizim diviziyanı ləğv etdilər. Sonra bizi 77-ci diviziyanın tərkibinə saldılar. Bu diviziyanın tərkibində mən xüsusi rabitə rotasının komandiri olmuşam. Bu rotanın tərkibində Baltikyanı ölkələrə, Riqaya qədər vuruşaraq gedib çıxdıq. Riqada almanlara qalib gəlmişəm. Biz 77-ci diviziyanın tərkibində şimala vuruşmağa getmişdik. Krımdan Sapun dağına gəldik. Sapun dağı Sevastopolun yaxınlığında yerləşirdi.
Biz Sapun dağını ələ keçirdik. Bundan sonra Sevastopolu aldıq. Orada bizim diviziyaya Simferopol adı verildi. Azərbaycanlılardan ibarət diviziyamız Baltikyanı ölkələrini azad etdi. Mən diviziyada rabitəçi idim. Vəzifəmiz bütün hərbi hissələr ilə əlaqə saxlamaq idi.
- Azərbaycanlı cəbhə yoldaşlarınızı necə xatırlayırsınız?
- Yanımda çoxlu azərbaycanlı var idi. “Həyatımın səhifələri” adlı kitab yazmışam. Kitabın bir fəslində əsgərlik illərimdən, xatirələrimdən yazmışam. Orada vuruşan 4 nəfər institutumuzun tələbəsi idi. Orada Azərbaycan diviziyası da var idi.
Onlar mərdliklə vuruşurdular. Sapun dağını aldıqdan illər sonra mən büronun iclasında Heydər Əliyevə dedim ki, diviziyamızın xatirəsinə orada abidə ucaldaq. Heydər Əliyev orada abidə ucaltdı.
- 69 il əvvəl bu günü harda idiniz?
- Pribaltikada idim və kamutatorda oturmuşdum. Bu zaman teleqram gəldi. Teleqramda yazılmışdı ki, biz Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyini qeyd edirik. 77-ci Azərbaycan Diviziyasının nümayəndələrini şənliyə dəvət edirdilər.
Sonra məni və 4 azərbaycanlı əsgəri bayram keçirmək üçün ölkəmizə göndərdilər. Yubileydə iştirak etdik. 9 mayı Bakıda keçirdim. Hərbi komissarlıqda idim, birdən qələbə xəbərini eşitdim.
Bu zaman Komissarlığın binasından bayıra çıxdıq. Əynimizdə hərbi forma olduğuna görə, insanlar bizə yaxınlaşdılar. Onlar bizi öpüb qələbəyə görə təbrik edirdilər. Mayın 11-də bizi Riqaya yola saldılar. Biz orada qələbəni bayram etdik və geri qayıtdıq. (Gözləri dolur)
- Qalib ordunun əsgəri kimi müasir ordumuzun hərbçilərinə nə deyərdiniz?
- Qarabağın işğalı biabırçılıqdır. Nazirlər Soveti sədrinin birinci müavini olanda mən iki dəfə ardıcıl Qarabağdan SSRİ Ali Sovetinin deputatı seçilmişəm. Azərbaycan, Bakı olmasaydı Qarabağ olmazdı. Biz Qarabağa o vaxtlar çox yardımlar etmişik.
Qarabağda məktəblər, evlər və zavodlar tikmişik. Bakı olmasaydı Qarabağ olmazdı. İndi Qarabağı işğal edib deyirlər ki, guya onlarındı. Bu, Qarabağa xəyanətdir. Qarabağı Azərbaycandan almaq cinayətdir.
- Torpaqlarımızı geri qaytarmaq üçün nə etməliyik?
- Dövlət başçısı Qarabağ münaqişəsini danışıq yolu ilə həll etmək barəsində qərar qəbul edib. Qarabağı elə geri almaq lazımdır ki, dünya ölkələri, BMT bizdən narazı qalmasınlar. Dövlətimiz Qarabağı almaq üçün hərbi gücünü artırır.
Lazım olsa ya hərbi gücdən, ya da danışıqlar yolundan istifadə edəcəyik. Hərbi gücdən istifadə zamanı gərək itki və vəsait verək. Müharibə olarsa hərbi hissələrə indikindən 5-6 dəfə artıq vəsait ayrılmalıdır. Bizim əsgərlərə sözüm ondan ibarətdir ki, hərbi intizama tabe olsunlar.
Qarabağdan başqa bizə digər xəyanətlər də ola bilər. Hərbi hissələrimiz həmişə müdafiyəyə hazır olmalıdır. Mən Müdafiə naziri Zakir Həsənovun qəbulunda olanda ona bir-iki məsləhət verdim. Ona azərbaycanlılardan ibarət 77-ci diviziyanın fəaliyyəti barəsində olan kitabı göstərdim. Dedim ki, bütün hərbi hissələrdə bu kitabdan istifadə olunsun və əsgərlərə dərs keçsinlər.