Ağdaş rayonunun Aşağı Ləki kənd sakinləri uzun illərdir yol problemindən əziyyət çəkdiklərini bildirirlər.
Sakinlərin Baku TV-yə sözlərinə görə, kəndə gedən 15 kilometrlik yolda asfalt örtüyü yoxdur.
Onların sözlərinə görə, yay aylarında ərazidə güclü toz yaranır, payız və qış aylarında isə yağış və qar səbəbindən yol palçığa çevrilir.
Bu vəziyyət həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də sakinlərin gündəlik həyatında ciddi problemlər yaradır.
Vətəndaşlar xüsusilə məktəbə gedən uşaqların çətinliklərlə üzləşdiyini bildiriblər. Bəzi valideynlər yağışlı havalarda övladlarını məktəbə maşınla aparıb-gətirməyə məcbur olduqlarını deyiblər.
Sakinlər yolun vəziyyətinə görə təcili tibbi yardımla bağlı da problemlər yaşadıqlarını bildiriblər:
"Xəstə olanda təcili yardıma zəng edirik. Kəndin adını biləndə deyirlər ki, özünüz maşınla rayona gətirin. Yol pis olduğuna görə biz ora gedə bilmirik".