Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hadisənin baş verməsi səbəbi ilə avqustun 12-si saat 02:10-da xəsarət alan 2007-ci il təvəllüdlü 3 nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir".
Aygün Mirakif
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 12-də saat 02:00-da Ağstafa şəhərinin Vurğun qəsəbəsində baş verib.
Ağstafa rayon Köçəsgər kənd sakini, 2007-ci il təvəllüdlü Elgün Xansuvar oğlu Fərəcəovun idarə etdiyi VAZ-2107 markalı, 90-LF-035 dövlət nömrə nişanlı avtomobillə rayonun Vurğun qəsəbə sakini 1956-cı il təvəllüdlü Əhəd Abbas oğlu Qurbanovun idarə etdiyi "Opel" markalı, 90-XU-081 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə VAZ-2107-nin sürücüsü Elgün Fərəcov və sərnişinləri - 2007-ci il təvəllüdlü Tapdıq Məmmədov və 2007-ci il təvəllüdlü Bakir Həsənov xəsarət alıblar.
Hadisənin səbəbləri araşdırılır.
Əzizə İsmayılova
Ağstafada iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Qəza zamanı 2007-ci il təvəllüdlü E.Fərəcov, 2007-ci il təvəllüdlü B.Həsənov və 2007-ci il təvəllüdlü T.Məmmədov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.