Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov şaxtalı günlərdə evdə elektrik olmamasından şikayətlənib.
Oxu.Az xəbər verir ki, bunu xalq artisti AzNews.az-a müsahibəsində bildirib.
“Soyuqdan donuram. Qar yağan gündən işıqlarımız heç bir saat da yanmayıb. Belə də dərd olar? Əgər bu gün də işıq yanmasa, bütün ailə üzvlərimizlə birlikdə donacağıq”.
Abşeron rayon Güzdək qəsəbəsində yaşayan muğam ifaçısı əlaqədar təşkilatlara müraciət edib:
“Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə Bakı Elektrik Şəbəkə işləməlidir. Amma mən bu evdə elektrikin yanmağını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin”.
Məsələyə münasibət bildirən “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Qafqazinfo-ya açıqlamasında deyib ki, xalq artisti əvvəlcə hansı rayonun ərazisində yaşadığını öyrənsin, sonra “Bakıelektrikşəbəkə”nin işləyib-işləmədiyindən danışsın:
“Bakıelektrikşəbəkə”yə daxil olan ərazilərdə heç bir problem yoxdur və əhaliyə yüksək səviyyədə xidmət göstərilir”.
Tanrıverdi Mustafayev qeyd edib ki, Alim Qasımovun yaşadığı Abşeron Rayon, Güzdək qəsəbəsinin “Bakıelektrikşəbəkə”yə aidiyyəti yoxdur və qurumun sözügedən ərazidə heç bir səlahiyyəti yoxdur:
“Bir daha bütün oxuculara və abonentlərimizə bildirirəm ki, “Bakıelektrikşəbəkə” yalnız Bakı şəhəri və ona aid olan kənd və qəsəbələrin elektrik enerjisinə cavabdehdir. Güzdək qəsəbəsi isə Xırdalan şəhərinə aiddir.